İKİ İCRA BAŞÇISININ FƏALİYYƏTİ ARAŞDIRILACAQ
Tarix: 29-11-2013, 14:45 |
Çap et
HESABLAMA PALATASI HƏRƏKƏTƏ KEÇİR
DİA.AZ: - Hesablama Palatası yeni sədrilə bir sıra dövlət qurumlarında təftiş həyata keçirə bilər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə məlumat verib.
Xatırladaq ki, bir neçə gün əvvəl Milli Məclis Hesablama Palatasının sədri postuna Vüqar Gülməmmədovu təsdiqlədi. Kifayət qədər gənc kadr olmasına rəğmən, onun ciddi mütəxəssis olduğu da bildirilir. Qeyd edək ki, buna qədərki HP sədri Heydər Əsədov prezidentin 22 oktyabr tarixli qərarı ilə kənd təsərrüfatı naziri postuna təsdiq olunub.
Redaksiyamıza daxil olan informasiyaya görə, Hesablama Palatası gələn aydan etibarən iki rayonun icra hakimiyyətində, habelə bir özəl ali təhsil müəssisəsində maliyyə sənədlərinin təftişini həyata keçirəcək.
Bildirək ki, buna qədər də ayrı-ayrı rayon icra hakimiyyətlərinin son ayların yekunları ilə bağlı maliyyə hesabatlarında böyük qüsurların olması ilə bağlı xəbərləri diqqətinizə çatdırmışdıq.
Məlumatlara görə, hələlik HP tərəfindən Bakının Xətai və Neftçala rayonlarının icra hakimiyyətlərində yoxlama aparılacaq. Özəl ali tədris ocaqlarından isə «Odlar Yurdu» Universitetinin təftiş olunacağı söylənilir.