Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
BMT Baş Assambleyasının 3-cü Komitəsi Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnaməni yekdilliklə qəbul edib. Qətnamə layihəsinin mətni üzv dövlətlərlə bir ay ərzində aparılan intensiv danışıqlardan sonra razılaşdırılıb. 56 ölkə qətnaməyə həmmüəllif qismində qoşulub. Qətnamənin qəbul edilməsi əslində Azərbaycanın nüfuzundan xəbər verir. Çünki Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyi haqqında məlumatları gizlədir. Biz işğaldan azad edilmiş ərazilərdə qazıntılar zamanı kütləvi məzarlıqlara aşkarlamaqla onlardan xəbər tuta bilirik.
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında məsələ ilə bağlı şəırh verərkən bildirib ki, BMT yaxşı başa düşür ki, bu məsələ çox ciddi məsələdir. Xüsusilə də, əsir və girov götürülmüş şəxslər ilə bağlı məsələ, o çox ciddi bir prosesdir. Bu, təkcə Ermənistan-Azərbaycan arasındakı münaqişədə deyil, eyni zamanda Əfqanıstanda, İraqda, Suriyada və Karakamda müsəlmanlara qarşı olan qətliamlarda və digər belə bölgələrdə var. Bunu artıq 56 ölkə qəbul edib. Yəni, həm müəllif qismində qoşulub, iştirak edib.
“Məsələ burasındadır ki, bu gün Azərbaycan təqribən 3600-a qədər hərbi və mülki əsirindən bir xəbər yoxdur. Bu, Birinci Qarabağ müharibəsindən qalıb. Onlarla bağlı Ermənistan tərəfi hər hansı bir açıqlama vermir. Soruşanda da deyirlər ki, bizdə yoxdur. Maraqlı bir sual ortaya çıxır ki, əsirlər haradadırlar? Azərbaycanda yoxdur. Ermənistan geri qaytarmayıb, orada itkin düşüb. Böyük hissəsi mülki və hərbi əsirlərdir. Qalıqları aşkar edilən əsirləri öldürülüblər. Onları tapmışıq. Onlar bizə onu göstərir ki, Ermənistan tərəfi əsirləri işgəncələrlə öldürüb. Hətta, Şuşa türməsi, Əsgəran qalası və digər ərazilərdə toplu məzarlara rast gəlirik. Düşünürəm ki, bu məsələ ilə bağlı Ermənistan müsbət addım atmayacaq. Azərbaycan tərəfi artıq dəfələrlə, hətta şəxsiyyətləri müəyyənləşdirilərək bütün şəxsləri təqdim edib ki, bu şəxslər bizdə yoxdur. Ermənistan yenə bu məsələdən yayınır”-deyən politoloq təəssüflə qeyd edib ki, hələ də beynəlxalq ictimaiyyət də bu məsələyə susur.
Politoloq vurğulayıb ki, İkinci Qarabağ müharibəsində də Azərbaycanın 7 nəfər itkin düşmüş vətəndaşı var.
“Biz bilmirik ki, onların aqibəti necədir. Ümumiyyətlə, Ermənistan bununla bağlı məlumat vermir. Fikirləşirlər ki, açıqlama verdikləri zaman artıq soyqırım təsdiqlənmiş olacaq. Bu artıq müharibə cinayəti olaraq, çox ciddi şəkildə Ermənistan üzərində təzminatın qoyulmasına gətirib çıxaracaq. Bu məsələdə Ermənistan yəqin ki, qaçmağa çalışacaq. Amma, Azərbaycanın haqlı mövqeyi gec-tez qəbul ediləcək”-deyə politoloq bildirib.