Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden səlahiyyət müddətinin sonunda Kiyevin Rusiya ərazisinə ATACMS ballistik taktiki raketlərlə zərbələr endirmək qadağasını ləğv edib.
Bir çox ekspertlər bunun Rusiya bölgələrinin dərinliklərinə raket zərbələrinin qaçılmaz olaraq ciddi eskalasiyaya gətirib çıxaracağını və daha ciddi nəticələnəcəyini bildirib. Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov isə bildirib ki, Amerikanın Rusiyanın dərinliklərinə raket zərbələri endirməsinə icazə Üçüncü Dünya müharibəsinin başlamasına səbəb olan misli görünməmiş addımdır.
Ümumiyyətlə, bütün atılan addımlar Üçüncü Dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımlı indiki vəziyyətin Üçüncü Dünya müharibəsinin başlanmasına səbəb olacağını düşünmədiyini deyib. Politoloqun fikrincə, bu addım Trampın sülh planında Ukraynanın əleyhinə olacaq şərtlər bir az yüngülləşdirmək mahiyyəti daşıyır:
“Üçüncü Dünya müharibəsinin başlanması ilə bağlı səslənən bu fikirlərin çox ciddi əsasları olduğunu düşünmürəm. Savaş gedir və Rusiya Ukraynanın ərazilərinə hücum edərək 20%-ni işğal altına alıb. Ukraya da özünü müdafiə edir. Ukraynanın müdafiəsinə dəstək verən ölkələr var. Onlar uzun müddətdir ki, Rusiya ərazlərinin dərinliklərinin uzaqmənzilli raketlərlə vurulmasının əleyhinə olmuşdular. İndi şərtlər dəyişir. Xüsusən də nəzərə alsaq ki, Amerikada administrasiya dəyişir. Yeni prezident vəzifəsinin icrasına başlayacaq. Təbii ki, Amerika Prezidenti Baydenin verdiyi bu icazə Trampı kifayət qədər ciddi problemlərlə üz-üzə qoyacaq”.
Həmsöhbətimiz deyib ki, əslində bu addım Tramp vəzifəsinin icrasına başlayana qədər Rusiyanın mövqelərini nisbətən yumşaltmağa və Trampın sülh planında Ukraynanın əleyhinə olacaq şərtlərin bir az yüngülləşdirilməsinə hesablanıb:
“Məncə, bütün məsələnin kökündə dayanan budur”.