SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Dünyada, eləcə də Azərbaycanda tibb inkişaf edir. Bununla yanaşı, tibb sektorunda saxtakarlıq da inkişafdan geri qalmır. Təəssüf ki, hər sahədə saxtakar insanlara rast gəlinir. Amma bunun tibb sahəsində baş verməsi çox dəhşətli və acınacaqlıdır. Təsəvvür edin, insan zəhmətlə qazandığı pulu sağlamlığı, gözəlliyi naminə bir “həkim”ə verir və ona canını əmanət edir. Nəticədə isə sağ qaldığına şükür edəcək vəziyyətə düşür. Ən pisi də odur ki, şikayətlər nə qədər çoxalsa da, problem həllini tapmır. Əksinə, həkim, cərrah adı altında cəlladlıq edən təhsilsiz şəxslərin qurbanları günü-gündən artır. İşinin peşəkarı olmayan, pul xətrinə insanların həyatını təhlükəyə atan “həkim”lər həkimlik adına ləkə yaxaraq insanların tibbə, həkimlərə olan inamını sarsıdırlar.
İllərdir məsələ qaldırılır, zərərçəkənlər etiraz edir, amma səsləri eşidilmir. Hətta bu zərərçəkənlərin arasında bəzi məşhurlar da var. Bir neçə gün öncə jurnalist Qənirə Ataş öz İnstagram hesabında azərbaycanlı saxta estetik cərrahların siyahısını paylaşmışdı. Cəmiyyətdə sensasiya doğuran bu siyahıda bəzi tanınmış həkimlərin də adları yer alıb.
Paylaşımda bildirilib: “Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Əlbəttə, saxta cərrahlarımız özlərini daha da inandırıcı göstərmək üçün xaricdə qısamüddətli kurslara qatılırlar. Təsəvvür edin, gedib bir-iki gün xaricdə "təhsil" alır, sonra isə böyük fəxrlə geri qayıdıb, "Beynəlxalq Sertifikatlı Estetik Cərrah" olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni, istəsəniz, siz də gedib orada oturub "beynəlxalq mütəxəssis" kimi özünüzü hiss edə bilərsiniz! Nə gözəl bir dünya, deyilmi?”
Məsələnin yenidən gündəmə gəlməsi ilə zərərçəkənlər ümidlənib etirazlarını dilə gətiriblər. Həmin zərərçəkənlərdən biri Qənirə Ataşa müraciət edərək, həkim-kosmetoloq adlanan və plastik cərrahlıqla da məşğul olan Gülsüm Əliyevadan şikayətlənib: “VMR klinikasında çalışır. Bir neçə il öncə çanaq nahiyəmə “aquafilling” adlı maddəni, təbii olduğunu deyərək, inyeksiya edib. Sonradan fəsadlar başlayanda məlum oldu ki, bu, təbii dolğu deyil. Cərrahlar dedi ki, kəsik aparmaq lazımdır. Özünə bildirəndə əməliyyat təklif etdi. Sonra sedasiya altında əməliyyata aldı. Amma dolğunu təmizləmək əvəzinə, bütün ayağıma yaydı. Sol bud arteriyam çürüdü, ağır əməliyyat keçirdim. Həkim rəyləri, video görüntülər, analiz nəticələrim və ekspertiza sənədlərim var. Özü isə məsuliyyəti üstünə almaq əvəzinə məni təhqir etdi. Mən də öz hesabıma əməliyyat oldum. Sonradan məlum oldu ki, heç həkim, cərrah deyilmiş. Amma insanları əməliyyat edir. Prokurorluğa şikayət etmişəm. Təhsili ilə bağlı təqdim etdiyi tək sənəd isə Türkiyənin Dicle Universitetindən olan kağız parçası idi”.
Təəssüf ki, yüzlərlə vətəndaş saxta həkimlərin qurbanına çevrilib. Şikayətlərin ardı-arası kəsilmir. Amma problemə təkcə estetika sferasında yox, stomatologiya, ginekologiya, psixologiya və s. kimi tibbin müxtəlif sahələrində rast gəlinir. Bu da Azərbaycanın səhiyyə sistemində necə böyük boşluqların olduğunu göstərir.
Mövzu ilə bağlı Pressklub.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, bütün dünyada ixtisas artırma və yeni ixtisas qazanmanın xüsusi mexanizmi var: “Məsələn, Almaniyada, İngiltərədə və s. yeni ixtisasa yiyələnmək istəyən şəxs həmin ixtisasın rezidenturasına keçməlidir. Sonra imtahan verərək, həmin ixtisasa sahib olmalıdır. Ümumiyyətlə, bu sahədə diplomsuz, sənədsiz fəaliyyət göstərmək hüquqi məsuliyyət yaradır. Ona görə də müvafiq qurumlar bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. İctimaiyyət də bu məsələni diqqətdə saxlamalıdır”.
Saxta həkimlər, pul müqabilində ixtisasından fərqli ixtisasda çalışan tibb işçiləri hüquqi cəhətdən hansı qanunun pozuntusuna yol verirlər? Bunu edənləri, şərait yaradanları və göz yumanları qanunla hansı cəzalar gözləyir? Eləcə də həmin saxtakar həkimlərin zərərə uğratdığı vətəndaşlar nə etməlidir?
Pressklub.az-ın suallarını cavablayan hüquqşünas Ramil Süleymanov bildirib ki, ölkəmizdə tibbi fəaliyyət, o cümlədən həkimlik lisenziyalaşdırılmış fəaliyyətdir. Və həkimlər müəyyən müddətdə yenidən sertifikasiya imtahanı verməklə öz ixtisaslarında çalışırlar. Müəssisələr də tibbi fəaliyyət göstərdikləri zaman mütləq tibbi təhsili olan və sertifikatlaşdırma imtahanından keçən ali təhsilli həkimlər və tibb işçiləri ilə əmək müqaviləsi bağlamaqla öz fəaliyyətlərini tənzimləməlidir: “Lisenziya olmadan fəaliyyət göstərənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən məsuliyyətə cəlb edilirlər. Fiziki şəxslər 2 min manatdan 3 min manata, vəzifəli şəxslər 5 min manatdan 10 min manata, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə olunurlar. Bu sahədə vətəndaşların sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə əsasən, fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 800 manatdan 1000 manata, hüquqi şəxslər isə 6 min manatdan 8 min manatadək məbləğdə inzibati qaydada cərimə olunurlar”.
Hüquqşünasın sözlərinə görə, həkimlərin səhvi ucbatından vətəndaşların səhhətinə zərər dəyərsə, vətəndaşlar ilk növbədə Azərbaycan Respublikasının baş prokurorluğuna şikayət ərizəsi ilə müraciət etməlidir. Baş prokurorluq müvafiq araşdırmanı aparır. Həmin müəssisənin lisenziyası, vergi ödəyicisi olub-olmadığı ilə bağlı sənədlər yoxlanılır. O cümlədən, orada çalışan həkimlərin tibb təhsilinə dair sənədlər hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır. Bundan sonra həmin tibb işçilərinin təqsiri aşkarlanarsa, vətəndaşların mülkü qaydada iddia qaldırmaq hüququ yaranır. Mülkü iddianın əsasında isə vətəndaşların sağlamlığına vurulmuş maddi zərər, o cümlədən, onların bu sahədə xərclədikləri maddi vəsaitlər geri qaytarıla bilər.
Yeri gəlmişkən, Qənirə Ataş problemin həlli yollarına da toxunub. Bildirib ki, hazırda çalışdığı “CVS” şirkətinin İT komandasında tez-tez Amerika səhiyyə idarəçilərinin mühazirələri olur. Həkimlər və səhiyyəni idarə edənlər problemləri danışır. Qənirə xanım da onların fikirlərindən çıxardığı nəticəni bölüşüb: “Dövlət İmtahan Mərkəzi, Səhiyyə Nazirliyi və Tibb Universiteti hər il tibb ixtisasına qəbul olan tələbələrin və məzunların siyahısını mərkəzləşdirilmiş sistemdə qeyd etməlidir. Diplom nömrələri və məzun olduqları ixtisaslar yoxlanılmalı və həkimlərin çalışdığı müəssisələrə doğru məlumat verilməlidir. Səhiyyə Nazirliyi bu məlumatları dövlət tətbiqində göstərə, özəl və dövlət xəstəxanalarında İctimai Nəzarət və Şikayət bölümü yaratmalıdır. Dövlətin hazırlayacağı mobil tətbiq və ya veb platforma vasitəsilə hər bir həkimin lisenziyası və diplom statusu haqqında məlumat əldə etmək mümkündür. Bu platformada hər həkimə məxsus QR kod və unikal kod nömrəsi olmalıdır. Xəstələr bu kodları skan edərək, həkimin sənədlərinin doğruluğunu yoxlaya bilərlər. İnzibati cərimə və cinayət məsuliyyəti tətbiq olunmalıdır. Saxta diplomla və ya yetərli təhsil almadan həkimlik fəaliyyəti göstərən şəxslərə qarşı ilk mərhələdə xəbərdarlıq və müəyyən məbləğdə cərimə nəzərdə tutulmalıdır. Təkrar hallarda isə cinayət məsuliyyəti və lisenziyanın ləğvi kimi tədbirlər görülməlidir. Dünya təcrübəsində sertifikatlaşma sistemləri daha sərt yoxlamalardan keçir. Məsələn, ABŞ-da hər bir həkim Dövlət Tibb İdarələri tərəfindən imtahan verib rezidentura təhsilindən sonra profilinə uyğun ixtisas lisenziyası almalıdır. Eyni sistem Azərbaycanda da tətbiq edilə bilər. Xüsusilə estetik cərrahiyyə və stomatologiya sahəsində bu cür ciddi tələblər qoyulmalıdır. Əlavə olaraq, hər bir rezidentura ixtisas üzrə lisenziya yalnız müəyyən müddət üçün verilə bilər və yenilənməsi üçün imtahan tələb oluna bilər. Bundan başqa, saxta həkimlər tərəfindən xəstələrə dəyən zərər dövlət tərəfindən kompensasiya edilməlidir. Bu məqsədlə xüsusi fond yaradıla bilər. Hər bir tibb müəssisəsi hər ay öz heyətinin lisenziyalarını yoxlamalı və nəticələri aylıq hesabat şəklində Səhiyyə Nazirliyinə təqdim etməlidir”.