Ukraynada “Sağ sektor”un “Saşko Belıy” ləqəbli məşhur üzvü öldürülüb - Rus xəfiyyəsi hərəkətdə
Tarix: 25-03-2014, 10:44 |
Çap et
Ukraynada “Sağ sektor”un tanınmış nümayəndələrindən olan “Saşko Belıy” ləqəbli Aleksandr Muzıçko qətlə yetirilib.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ilk olaraq Ali Radanın deputatı Oles Doniy özünün “Facebook” səhifəsində məlumat yayıb. O, qətlin Rovno vilayəti ərazisində törədildiyini açıqlayıb: “İki maşın onun avtomobilinin qarşısını kəsib. Onu içəridən çıxararaq öz avtomobillərinə oturdublar. Daha sonra əlləri qandallanmış şəkildə yerə ataraq ürəyindən iki güllə vurublar”.
“Sağ sektor” faktı təsdiqləyib. Qurumun Rovnodakı fəallarından olan Yaroslav Qranitski A. Muzıçkonun meyitini gördüyünü, onun əynindəki paltarın cırıldığını söyləyib: “Onu öldürənlər əynində zirehli jiletin olmadığına əmin olduqdan sonra ürəyinə atəş açıblar”.
Qeyd edək ki, “Saşko Belıy” internetdə yayılan videolardan sonra məşhurlaşıb. Videoların birində o, əlində silah Rovno Vilayət Şurasında çıxış edir. Digər videoda isə onun Rovno prokurorunu döydüyü görünür.
A. Muzıçko Çeçenistan müharibəsində çeçenlərin tərəfindən döyüşüb. Rusiyada bu yaxınlarda A. Muzıçko və “Sağ sektor”un lideri Dmitri Yaroş haqqında cinayət işi qaldırılıb və barələrində axtarış elan olunub. Hətta Rusiyada hər iki şəxsi aradan götürmək barədə çağırışlar da səslənib.