37 yaşlı Elmin Rəhimov Laçın rayon sakinidir. O, 30 ilə yaxındır ki, Bakının Lökbatan qəsəbəsindəki 4 saylı uşaq bağçasına məskunlaşıb. Elmin Rəhimov həm buradakı şəraitsizlikdən, həm də maddi vəziyyətinin pis olmasından şikayətçidir. Yaşadığı otaq elə vəziyyətdədir ki, qapının üzərindəki daş parçaları hər an kiminsə başına düşə bilər. Onun sözlərinə görə, üç övladı var və hər biri xəstəlikdən əziyyət çəkir. Onların həyatı üçün çox narahatdır.
Şikayətçi deyir k, iş yerindən əvvəllər ezamiyyətə göndərilməsi onun büdcəsinə xeyli kömək edirmiş.
Elmin Rəhimov bildirir ki, çalışdığı “Azəriqaz” İstehsalat Birliyinin 1 saylı idarəsində işçilərin təhlükəsizlik qaydalarına əməl olunmur, texnikanın görməli olduğu işi işçilərə gördürürlər. “Azəriqaz” İstehsalat Birliyindən Meydan TV-yə bildiriblər ki, işçilər zərurət olarsa, ezamiyyətə göndərilir.
Digər məsələyə gəlincə, işləri əksər hallarda metal boruların quraşdırılmasından ibarət olduğu üçün müəyyən limit daxilində ağır yüklərin daşınması qaçılmazdır.
Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsindən isə bildirib ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları ünvan üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər. Elmin Rəhimovun qeydiyyatda olduğu Laçının Əhmədli kəndi bərpa olunduqdan sonra onun oraya köçürülməsinə qanunvericiliyə uyğun olaraq baxılacaq.