Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açıla bilər.
Bununla bağlı Ermənistan hökumətinin son günlər verdiyi bəyanatlar tərəflərin artıq razılaşmaya yaxın olduğunu göstərir. Dörd ildir Zəngəzur dəhlizinin açılmasına icazə verməyən Ermənistanın mövqeyini dəyişməsi Bakı və İrəvan arasında sülhün əldə edilməsi istiqamətində ciddi irəliləyiş yaratmış olar. Lakin söhbətin hansı marşrutlardan getdiyi danışıqlar predmeti kimi məxfi saxlanılır.
Azərbaycan ilk növbədə, Şərqi Zəngəzurla Naxçıvan MR arasında hərəkəti təmin edəcək dəmir və avtomobil yolunun açılmasını tələb edir. Ermənistan isə Zəngəzur dəhlizninin açılmasından yayınmaq üçün alternativ variant kimi “Sülh kəsişməsi” layihəsini təklif edir. Ona görə də tərəflərin hansı variant üzərində razılığa gəldiyi barədə sual yaranır.
Ermənistan hakimiyyəti Azərbaycanla aparılan qarşılıqlı yazışmalar əsasında ortaq mövqeyə gəlindiyini iddia edir. Ancaq Baş nazir Nikol Paşinyanın Ermənistan parlamentində çıxışından aydın olur ki, bu barədə razılaşmanın əldə olunmasına oktyabrın 25-də Azərbaycan Prezidenti ilə Kazan şəhərində keçirdiyi görüş müsbət təsir göstərib.
“İrəvan Bakıya nəqliyyat marşrutlarının işləməsi ilə bağlı təkliflər göndərib”,- deyə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib. O deyib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul qərara yaxındırlar:
“Görünür ki, regional kommunikasiyaların açılması məsələsində tamamilə qarşılıqlı məqbul ola biləcək həll yolu tapa bilərik. İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir”.
“Biz bu təklifi Azərbaycana yazılı şəkildə çatdırdıq”, - deyən Nikol Paşinyan onun məzmununu açıqlamayıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Paşinyanın haqqında danışdığı təkliflərin detallarını gizlətməyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan dəmir yolu xəttinin blokdan açılması və istismarı ilə bağlı intensiv danışıqlar aparır. Lakin XİN rəhbəri bu danışıqlarda hansı rəsmilərin iştirak etdiyini deməyib. Ermənistan mediasının yazdığına görə, hər iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası müzakirə obyektidir.
Belə ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına dair komissiyaların rəhbərlərinin keçirdiyi sonuncu görüşdə Şahin Mustafayev və Mher Qriqoryan nəqliyyatın blokdan açılması məsələsini müzakirə ediblər. Hətta Ararat Mirzoyan bu məsələnin Azərbaycan və Ermənistan baş nazirlərin müavinlərinin rəhbərliyi ilə müzakirə ediləcəyini istisna etməyib.
Xatırladaq ki, noyabrın əvvəlində rəsmi İrəvan “Sülh kəsişməsi” layihəsinə uyğun yolların açılması layihəsini nəzərdə tutan təkliflər paketini Bakıya göndərdiyini bildirmişdi.
Məlum oldu ki, sülh sazişinin mətni ilə bağlı 11-ci təkliflər paketi də məhz nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutub. Baş nazir Paşinyanın, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyanın və xarici işlər nazirinin müavini Paruyr Hovannisyanın ardıcıl açıqlamalarından sonra rəsmi İrəvanın Bakıya “Sülh kəsişməsi” layihəsini dəstəkləməyi, Azərbaycanla Ermənistan arasında, o cümlədən Naxçıvan MR-na və əks istiqamətdə daşınan yüklərə görə sadələşdirilmiş qaydada gömrük rüsumlarının tutulmasını təklif etdiyi aydınlaşdı.
Həmçinin Paşinyan hökuməti Ermənistan ərazisindən keçən nəqliyyat-kommunikasiya marşrutlarının təhlükəsizliyinin rəsmi İrəvan tərəfindən təmin olunmasını istəyir. Azərbaycan daha çox 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndinə uyğun olaraq, Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki Zəngəzur dəhlizi Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında Birinci Qarabağ müharibəsi zamanı kəsilmiş quru əlaqəsinin bərpa olunmasına dair öhdəlikdən ibarətdir.
“Sülh kəsişməsi” isə Ermənistanın region dövlətləri ilə, o cümlədən Azərbaycan, Türkiyə, İran və Gürcüstan vasitəsilə üçüncü ölkələrlə nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasını, yəni dünya bazarlarına çıxışı nəzərdə tutur. Lakin Zəngəzurdan keçən dəmir yolu və avtomobil yolları açılmasa, digər istiqamətlərdə bu şəbəkənin reallaşmasından danışmaq mümkün deyil.
Belə olan halda Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında əlaqəni təmin etmək mümkün olmayacaq. Son vaxtlar Türkiyə-Ermənistan-Azərbaycan müstəvisində qapalı danışıqların intensivləşdiyini nəzərə alsaq, nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması istiqamətində razılaşmanın məhz Ankaranın vasitəçiliyi ilə əldə olunduğu ehtimalı artır. Ermənistan XİN rəhbərinin Türkiyə ilə nəqliyyat əlaqələrinin qurulması üçün Qars-Gümrü dəmir yolunda qiymətləndirmə işlərinin aparıldığını deməsi prosesdə Ankaranın iştirak etdiyinə dair ehtimalları təsdiqləyir.
Ararat Mirzoyanın açıqlaması Azərbaycanın ilk növbədə, Naxçıvan MR ilə dəmir yolunun açılması tələbini irəli sürdüyünü, Ermənistanın da bununla razılaşdığını deməyə əsas verir. Çünki Zəngəzurdan keçən dəmir və avtomobil yolları açılmasa, digər istiqamətlərdə bu şəbəkənin reallaşması mümkün olmayacaq. Ermənistan imtina edəcəyi təqdirdə, Türkiyə də nəqliyyat əlaqələrinin yenidən qurulmasına dəstək verməyəcək.
Çünki Arazdəyən-Arpaçay-İrəvan dəmir yolu xətti vasitəsilə Türkiyəyə çıxış əldə etmək üçün Horadiz-Mehri-Arazdəyən-Ordubad marşrutu açılmalıdır. Ankaranın dəstəyini geri çəkməsi “Sülh kəsişməsi” layihəsinin iflası deməkdir. Ona görə də Ermənistan ilk növbədə, Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolunun açılmasına razılıq verməlidir. Bu yolun bərpası üçün 200 milyon dollar tələb olunur.
İkinci mübahisəli məqam Azərbaycan qərb hissəsi Naxçıvan MR arasında daşınan mallara sadələşdirilmiş gömrük rüsumlarının tətbiqi ilə bağlıdır. Azərbaycan 1920-ci ildə Zəngəzur vilayətinin qanunsuz olaraq Ermənistana verilməsindən sonra ikiyə bölünmüş ərazisinin digər hissəsi ilə yükdaşımalara görə Ermənistana hər hansı rüsum ödəməməlidir. Bu qayda yalnız üçüncü dövlətin mallarına aid edilə bilər.
Üçüncü vacib və ən mübahisəli məsələ sözügedən marşrut üzrə hərəkət edəcək nəqliyyat vasitələrinin və vətəndaşların təhlükəsizliyinin təmini ilə bağlıdır. 10 noyabr Bəyanatına əsasən, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya FTX-nin sərhəd qoşunları təmin etməlidir. Görünür, Ermənistan tərəfi Rusiyanı prosesdən kənarlaşdırmaq və təşəbbüsü ələ almaq üçün Azərbaycana kompromis variant təklif edib. Yəni, Ermənistan “Sülh kəsişməsi” layihəsi çərçivəsində Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında bütün növ nəqliyyat-kommunikasiya əlaqələrini açır. Əvəzində isə Azərbaycan bu marşrutun dəhliz deyil, yol adlanmasına razılıq verir.
Mirzoyanın açıqlaması birinci mərhələdə dəmir yolunun açılacağını deməyə əsas verir. Eyni zamanda, təxmin etmək olar ki, Paşinyan hökuməti Azərbaycana yolların təhlükəsizliyini Ermənistanın qorumasını təklif edib. Lakin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair yeganə sənəd 10 noyabr Bəyanatıdır. Həmin sənəddə “Sülh kəsişməsi” barədə hər hansı razılaşma yoxdur. Üstəlik, Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi Rusiyaya məxsusdur.
Ona görə də bu məsələyə Rusiyanın etiraz edəcəyi şübhə doğurmur. Əgər Bakı və İrəvan nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına dair razılığa gəlsələr, o halda yeni müqavilə də imzalaya bilərlər. Bu anlaşma Azərbaycan və Ermənistan arasında imzalanacaq çərçivə sülh sazişində də öz əksini tapa bilər. Bütün bunlara baxmayaraq, Ermənistanın Azərbaycan və Türkiyə ilə əsas problemi həll etmədən nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair istənilən razılaşmanın münasibətlərin normallaşmasına səbəb olacağı inandırıcı görünmür. Söhbət Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının ləğvinin vacibliyindən gedir. Əks təqdirdə, bütün razılaşmalar və müqavilələr kosmetik xarakter daşıyacaq.
Müşfiq Abdulla
"Cebheinfo.az"