Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, ölkəsinin BRİKS və ASEAN-da iştirakı regional strukturu dəyişəcək və NATO ilə münasibətlərə mane olmayacaq.
Publika.az-ın məlumatına görə, yerli mətbuatda qeyd olunur ki, Türkiyənin müxtəlif regionlarla, o cümlədən Avropa, Asiya və Afrika ilə əlaqələri var və NATO üzvlüyünə görə onları kəsmək niyyətində deyil.
Ərdoğan BRİKS və ASEAN-ın iqtisadi əməkdaşlıq imkanları təklif etdiyini, lakin NATO-ya alternativ olmadığını vurğulayıb.
“Bizə “BRİKS-ə və ya başqa bir quruma qoşulmayın” deyənlər, bizi illərdir üzvü olmağa çalışdığımız Avropa Birliyinin qapısında gözləməyə məcbur edən insanlardır. Onlara baxaraq gələcəyimizi əsla təyin edə bilmərik", - deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə müxtəlif regionlarla əlaqələr qurub və bu əlaqələrin inkişafı ölkəyə xeyir gətirir.
Türkiyə prezidenti ölkənin iqtisadi proqramının uğurlarını, o cümlədən inflyasiyanın aşağı salınması və kredit reytinqinin yaxşılaşdırılmasını qeyd edir: "Biz fürsətçilərlə mübarizəni qətiyyətlə davam etdirəcəyik, onlara dözməyəcəyik".