"MİLLİ ŞURA İSA QƏMBƏRİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYƏCƏK"
Tarix: 6-06-2013, 10:05 |
Çap et
“Müsavat partiyası güman edirdi ki, Milli Şura İsa Qəmbərin namizədliyini dəstəkləyəcək. Ancaq bu ehtimal özünü doğrultmadı və bu səbəbdən də Müsavat partiyası tərəfdən təpkilər gəlməyə başlayıb”.
Bu sözləri Milli.Az-a açıqlamasında Ədalət Partiyasının aparat rəhbəri Mütəllim Rəhimli Müsavat funksioneri Arif Hacılının Milli Şuraya etibarsızlıq etdiyi barədə açıqlamasında münasibət bildirərkən deyib.
“Milli Şuranın güclü olması onun vahid namizəd ətrafında birləşməsi ilə bağlı ola bilər. Ancaq buraya daxil olan bir çox şəxslər və qurumlar öz namizədliklərini irəli sürürdülər. Bu sırada İsa Qəmbər də istisna deyildi. Hətta o, Milli Şura yaradılmazdan əvvəl də namizədliyini irəli sürmüşdü. Milli Şuraya Müsavatdan gələn reaksiyalar bununla bağlı ola bilər. Çünki bundan əvvəl mətbuata bildirilmişdi ki, ola bilər ki, Milli Şuranın namizədi siyasətdə üzdə olmayan biri olsun. Bu isə o deməkdir ki, Müsavat partiyasının namizədi həmin sıraya düşməyə bilərdi”, - o əlavə edib.
Mütəllim Rəhimli Müsavat partiyasında fikir ayrılığı məsələsini də istisna etməyib.
“Digər ehtimal odur ki, Arif Hacılı artıq İsa Qəmbər kimi düşünməyə də bilər. Bu da qəbul olunası variantdır. Çünki zaman dəyişir, proseslər yenilənir və insanların da prosesə baxışı dəyişir. Bu səbəbdən bunu təbii qəbul etmək lazımdır”, - o əlavə edib.