SUMQAYIT MƏHKƏMƏSİ SƏDRİ HƏBS OLUNA BİLƏR
Tarix: 15-01-2013, 11:25 |
Çap et
ZEYQƏM HÜSEYNOVLA BAĞLI QƏRAR VERİLİB
DİA.AZ: - Ölkə gündəminin ayrı-ayrı siyasi olayların peşində olduğu bir ərəfədə antikorrupsiya tədbirləri çərçivəsində daha bir səs-küylü həbs qərarı verilə bilər. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mötəbər mənbə informasiya verib.
Məlumatı verən qaynağın iddialarına görə, bu dəfə qolları qandallanacaq şəxs Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovdur. Mənbənin bildirdiyinə görə, barəsində davamlı olaraq şikayətlər edilən, adı bir çox qalmaqalarda hallandırılan, həmçinin ayrı-ayrı bankların Sumqayıtdakı filialları ilə əlbir olaraq bir çox maxinasiyalara imza atan Zeyqəm Hüseynov konkret rüşvət faktı ilə bağlı saxlanılacaq. Məlumata görə, Zeyqəm Hüseynova qarşı həmçinin məhkəmə qərarlarını pulla çıxarma ittihamının irəli sürüləcəyi və bu ittihamla əlaqədar bir neçə faktın açıqlanacağı da gözlənilir.
Mənbə onu da əlavə edib ki, Zeyqəm Hüseynovu «yuxarıdan» himayə edən şəxslər belə bu ajiotaj yaradacaq olayın qarşısını ala bilmirlər: «Çünki məsələ həll olunub. Həmçinin bu işdə konkret maraqlı olan qüvvələr var. Və onlar çalışırlar ki, ölkə gündəmi bacarılan qədər dəyişdirilsin».
Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.