Bu gün 18 yaşı tamam olduqdan sonra uşaq evindən çıxan gənclərin taleyi cəmiyyəti narahat edən problemlərdən biridir. Belə ki, bu gənclərin bəziləri evlə təmin edilsə də, evsiz və işsiz qalanların da sayı az deyil.
Bəs görəsən dövlət uşaq evindən məzun olan gənclərin sonrakı həyatı üçün hansı tədbirləri görür?
Mövzu ilə bağlı Sonxeber.az – a danışan sosioloq Lalə Mehralı açıqlamasında bildirib ki, bu uşaqların əksəriyyəti üçün heç nə edilmir:
"Uşaq evindən çıxanların əksəriyyəti üçün heç nə edilmir. 18 yaşı oldu və qapılar açıldı: "Sən artıq müstəqilsən, uşaq evində qala bilməzsən" Bu gün internetdan çıxıb parkda skamyalarda yatan gənclərin sayı az deyil. Düzdür, bəziləri evlə təmin edilir, amma hamısı yox. Evlə təmin edilənlər şanslıdırlar ki, ən azından bir iş tapıb işləyə, ailə qura bilirlər. Bu dünyada heç kimi olmayan bir insan düşünün ki, 18 yaşı olanda cəmiyyətə buraxılır. Evi yox, işi yox. 18 yaşına qədər internatda, qapalı məkanda yaşamış biri 18 yaşından sonra həyatla tək başına mübarizə aparmalı olur. Bu vəziyyətdə o uşağın öz dövlətindən kömək gözləməkdən başqa şansı yoxdur. Müəyyən köməkliklər göstərilən uşaq evi məzunları var, amma bu, bütün uşaq evlərinə aid deyil. Ordan çıxan uşaqların dövlətin xüsusi imtiyazlarından istifadə etməsi əlçatan olmalıdır. Bizim çox ədalətli qanunlarımız var, amma qanunun tətbiq edilməsinə gəldikdə isə o uşaqların haqqına girənlər az deyil. Prezidentimiz də hər zaman çıxışlarında deyir ki, məmurlar xalqı dövlətdən incik salır. Əslində dövlət bütün imtiyazları öz vətəndaşlarına verir, amma məmurlar dövlət və xalq arasındakı güvəni məhv edirlər. Belə olanda da insanlar haqlı olaraq dövlətdən küsür. Uşaqlar da öz haqlarını istəyir. Amma bilmirlər onların haqqına girənlər kimdir. Belə olan halda imkanı olan məsələni işıqlandırır, olmayan isə heçnə edə bilmir. Bütün bu səbəblərdən uşaq evindən məzun olanların sonrakı həyatına nəzarət edəcək bir mexanizim işlənməsi mütləqdir".