Dövlət Neft Şirkətinin Gürcüstandakı uzantısında ilginc dəyişikliklər
Tarix: 17-01-2014, 11:23 |
Çap et
DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu yaxınlarda Gürcüstandakı kadrlarını geri çağıra bilər. Bu ilginc məlumatı redaksiyamıza çatdıran mənbə iddia edir ki, hazırda ARDNŞ-nin Gürcüstan uzantısı olan «SOCAR Georgia»nın rəhbərliyində təmsil olunan azərbaycanlı heyət Rövnəq Abdullayev tərəfindən müəyyən olunub.
Mənbənin söylədikləri: «Onların arasında «Socar Georgia»nın vitse-prezidenti postunu tutan Mahir Məmmədov var. Azərbaycan cəmiyyəti bu adamı yaxşı tanıyır. İki il əvvəl Mahir Məmmədova qarşı Gürcüstan dövləti tərəfindən müəyyən ittihamlar irəli sürüldü. Hətta Mahir Məmmədov 26 milyon lari - 13 milyon ABŞ dolları həcmində vergidən yayınmada da ittiham olundu.
Onun bu ittihamların qarşılığı olaraq Azərbaycana qaçdığı da məlum oldu. Sonradan gərginləşən münasibətləri şəxsən Rövnəq Abdullayev yoluna qoymacı bacardı. Belə ki, o zamankı Gürcüstan baş naziri Bdzina İvanaşvili ilə görüşündən sonra Mahir Məmmədovun üzərindən ittiham götürüldü, onun barəsində açılmış cinayət işinə xitam verildi. Amma Gürcüstanın dövlət büdcəsinə iddia olunan 26 milyon lari vəsait köçürüldü».
Mənbəmiz bildirir ki, Mahir Məmmədov həm də Rövnəq Abdullayevin Gürcüstanda biznesini yönəldən əsas fiqurdur: «İndi isə Rövnəq Abdullayev Gürcüstandakı adamını dəyişmək qərarını verib. Bu həm də o deməkdir ki, Mahir Məmmədov təkcə «Socar Georgia»nın rəhbərliyindən alınmayacaq, həm də Rövnəq Abdullayevə aid biznesin də yönəldilməsindən uzaqlaşdırılacaq».