Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Rusiya Prezidenti Vladimir Putin KTMT-nin Astanada keçiriləcək sammitində iştirak edəcək, burada yekun bəyannamə, eləcə də bir sıra digər sənədlər imzalanacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya rəhbərinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, KTMT liderləri kiçik qrupda görüşəcək, beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini, həmçinin təşkilatın fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər.
Uşakov bildirib ki, sammitdə Putindən başqa Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri iştirak edəcək, amma Ermənistan Baş naziri Nikol Paşinyan təmsil olunmayacaq.
Uşakovun dediyinə görə, İrəvan əvvəlcədən məlumat verib ki, sammitdə müvafiq razılaşdırılmış sənədlərin qəbuluna etirazları yoxdur:
“Biz erməni tərəfdaşların təşkilatdakı gələcək işlərini müstəqil həll etmək hüququnu şübhə altına almırıq, İrəvan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və Ermənistan bütün müvafiq hüquq və vəzifələrini özündə saxlayır.
Ümid edirik ki, gec-tez Ermənistan nümayəndələri təşkilat çərçivəsində əməkdaşlığı bərpa edəcəklər”.