İranın xarici işlər naziri Abbas Əraqçi Paris, Berlin və Londonun Tehrana qarşı yeni sanksiyalar paketini qəbul etməsi ilə əlaqədar fransalı həmkarı Jan-Noel Barroya etiraz edib. Bu barədə RİA Novosti İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Telefon danışığı zamanı Əraqçi İrana qarşı yeni sanksiyaların qəbulu ilə əlaqədar Avropa ölkələrinin əsassız və təxribat xarakterli hərəkətlərini kəskin tənqid edib. Diplomatlar həmçinin İranın nüvə proqramı ilə bağlı İran və Avropa ölkələri arasında aparılan danışıqlar ətrafında vəziyyəti və Yaxın Şərq regionunda baş verən son hadisələri müzakirə ediblər. Aİ Şurası noyabrın 18-də Rusiya ilə hərbi əməkdaşlıq etdiyi iddiası ilə İrana qarşı sanksiyaları genişləndirib. Qərar raketlərin və pilotsuz təyyarələrin hazırlanması və istehsalı üçün istifadə olunan komponentlərin İrana ixracına, ötürülməsinə, tədarükünə, satışına qadağa qoyulmasını nəzərdə tutur. Aİ həmçinin İran raketləri və dronlarının daşınmasında iştirak etdiyi iddia edilən liman obyektləri ilə əməliyyatları qadağan edir. Bir fiziki şəxs və dörd təşkilat da yeni paket çərçivəsində sanksiyalara məruz qalıb. Böyük Britaniya, həmçinin İrana qarşı sanksiyalar siyahısını genişləndirib. İranın İran aviaşirkətini və İranın İran İslam Respublikası Dəniz Gəmiçiliyi Yollarını (IRISL) da bu siyahıya əlavə edib.