İsrailin Baş naziri Binyamin Netanyahunun gecə saatlarında müdafiə naziri Yoav Qallantı vəzifəsindən azad etməsi bütün dünyada müzakirələrə səbəb oldu. Hətta Netanyahunun Baş Qərargah rəisi Herzi Halevi və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barı da vəzifədən azad etmək niyyətində olduğu iddia edilir.
Netanyahunun İrandan cavab hücumunun gözlənildiyi müddətdə müdafiə naziri vəzifəsinə xarici işlər naziri İsrail Katsı təyin etməsi diqqət çəkib.
İsrail daxilində baş verənlər Tehrana zaman qazandıracaq? Netanyahunun qərarları İranla gərgin münasibətlərə təsir göstərəcək? Son zamanlarda Tehranın Bakıya münasibətində bu amil hər hansı rola malik ola bilərmi?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İrandakı dini rejim daxilində ciddi müzakirələr gedir:
“İsrailə növbəti zərbənin vurulub-vurulmaması ətrafında fikir mübadiləsi aparılır. Bu məsələdə qərar vermək çox çətindir. Çünki İsrail də yenidən İrana cavab zərbə endirə bilər. Bu bir yerdə istər-istəməz prosesləri qarşısı alınmaz hala salır. Hətta tərəflər total bir müharibəyə girə bilərlər. İran bu ehtimallar üzərində düşünür. Tehrandakı dairələr əslində fikir ayrılığı içərisindədir. Yəni İsrailə cavab zərbəsi vurmaq istəyənlər var və bu, kifayət qədər üstün tərəfdir, risk yaradır.
İranın İsrailə zərbə vuracağını düşünmürəm. Çünki daxili vəziyyət o qədər də sabit deyil. Sosial-iqtisadi vəziyyət də gərginlik və total müharibə üçün əlverişli görünmür. Belə bir zamanda İran daha çox qonşu ölkələr ilə münasibətlərin normallaşmasına çalışır. Prezident Məsud Pezeşkianın ölkəmizə səfəri bu baxımdan diqqət çəkir. İstisna deyil ki, o, səfər zamanı bir çox ölkə başçısı ilə görüşə və mövcud problemlərin aradan qaldırılmasına çalışa bilər. Bununla Tehran həm fikir yayındırmağa, həm də gərginliyi yumşaltmağa çalışacaq”.