FƏRHAD ƏLİYEV «AVROVİZİYA»NI TƏQDİR EDİB
Tarix: 24-05-2012, 17:53 |
Çap et
O, YARIŞMANI AZƏRBAYCAN ÜÇÜN BÖYÜK TƏDBİR ADLANDIRIB
DİA.AZ: - Hazırda məhbəs həyatı yaşayan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın qohumlarından biri bu günlərdə onun ziyarətində olub. Bu barədə məlumatı həmin şəxsin özü DİA.AZ-a bildirib.
Mənbənin sözlərinə görə, Fərhad Əliyev ölkədə baş verən hadisələri diqqətlə izləyir: «Bütün prosesləri izləyir, müxtəlif vasitələrlə gündəlik məlumatlar alır. Sonuncu görüşümüzdə isə «Avroviziya»dan danışdıq. Bildirdi ki, bu yarışma Azərbaycan üçün olduqca əhəmiyyətlidir və Azərbaycanın Avropa ailəsinə qovuşmasını təsdiqləyən bir möhürdür».
Keçmiş nazirin həmçinin İranla münasibətlər barəsində də müzakirə apardığını bildirən həmsöhbətimiz vurğuladı ki, Fərhad Əliyev rəsmi Bakının bu yöndəki siyasətini tam olaraq dəstəkləyir: «Keçmiş nazir bildirdi ki, ən doğrusu, İranla siyasətdə ehtiyatlı davranmaqdır. Çünki İran bu gün hədəfdə olan bir ölkədir və Azərbaycan Tehran üçün ən zəif hədəflərdən birinə çevrilməməlidir. Olduqca aqressiv olan İrana qarşı istənilən bir davranış təhlükə yarada bilər».
Hər halda, keçmiş nazirin bu gün ölkəmizdə baş verənləri necə dəyərləndirməsini oxucularımız üçün də maraqlıola biləcəyini zənn etdik.