Gözdən əlil olan şikayətçi illədir ev növbəsindədir, amma... - “Mənə deyirlər ki, 1 otaqlı ev yoxdur”
Tarix: 7-11-2024, 16:01 |
Çap et
Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatda olan Rəhmanova Sehranə Məsim qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Rəhmanova Sehranə Məsim qızı, yazaraq bildirirəm ki, 1-ci qrup gözdən əliləm. Heç kəsim yoxdur. Ailəm də yoxdur. Binə qəsəbəsində kirayədə qalıram.
İllərdir ev növbəsindəyəm. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayeva müraciət etmişəm. Neçə dəfə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun qəbulunda olmuşam. Hara şikayət edirəmsə, baxan yoxdur.
Evim-eşiyim yoxdur, qaldığım evi də sahibi satmaq istəyir. Mən harda yaşayacağam?! Sığınacaq heç kimim də yoxdur. Nə edəcəyimi bilmirəm.
60 yaşıma az qalıb. Qalan ömrümü rahat yaşamaq istəyirəm. Evimin sənədləri də təsdiqlənib, lakin deyirlər ki, 1 otaqlı ev yoxdur”.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq. Şikayətşinin müraciətinin araşdırılacağı bildirildi.