“Hökumət heç vaxt Ata Abdullayevi dəstəkləməyib, ona hansısa göstərişlər verməyib” - deputat
Tarix: 18-03-2021, 08:47 |
Çap et
"Özünü bloger kimi təqdim edən Ata Abdullayevin həbsinin səbəbi insanları şantaj edərək pul istəməsi olub. Yayılan məlumatlarda belə qeyd olunur. Bəzi qaragüruh, anti-milli qüvvələr də Ata Abdullayevin həbsi məsələsini uydurmalarla başqa istiqamətə yönəltmək istəyirlər. Guya onun həbsi hansısa planın tərkib hissəsidir. Bu, cılız yanaşmadır, siyasi etikaya sığmır. Azərbaycanda qanunun aliliyi təmin olunur, hər kəs də qanun qarşısında bərabərdir".
Bunu Pravda.az-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, Ata Abdullayev ciddi fiqur olmayıb: "O heç jurnalist də olmayıb. Belə olan halda, Ata Abdullayevin həbsi niyə sensasiyaya səbəb olmalıdır ki? Ata Abdullayev, sadəcə, şantaja görə həbs edilib. Onu tanıyanlar bilirlər ki, fəaliyyəti nədən ibarət olub... Ata Abdullayev üzərindən dövlətə qarşı çirkin kampaniya aparmaq yolverilməzdir. Hökumət heç vaxt Ata Abdullayevi dəstəkləməyib, ona hansısa göstərişləri verməyib. Çünki həmin şəxsin əməlləri hakimiyyətin imicinə xələl gətirə bilərdi".
Qeyd: A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətininin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etmədə şübhəli bilinərək saxlanıldığı bildirilir.