Azərbaycanla bağlı sənədlər AŞ PA-nın ikili standartlarını ortaya qoydu - deputat
Tarix: 13-10-2017, 08:06 |
Çap et
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanla bağlı qəbul etdiyi sənədlər birinci növbədə onların səmimiliyinə və öz imiclərinə böyük zərbədir.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, bu sənədlər birtərəfli və qərəzlidir: "Avropa Şurasındakıların Azərbaycanda gedən proseslərdən xəbəri var. Onlar bilir ki, Azərbaycan demokratik dövlətdir, ölkəmizdə insan hüquqları yüksək səviyyədə qorunur. Həmin şəxslər bunu çox gözəl bilirlər, sadəcə olaraq erməni diasporunun toruna düşərək onların sifarişlərini yerinə yetirirlər”.
Deputat qeyd edib ki, Azərbaycanın müstəqil siyasət aparması, iqtidarla xalq arasında möhkəm birlik, qarşılıqlı hörmət və bunun nəticəsində ölkədəki inkişafı həzm edə bilməyənlər, erməni dəyirmanına su tökənlər Azərbaycana qarşı bu qarayaxma kampaniyasını aparır:
“Lakin bu çirkin kampaniya ölkəmizi öz müstəqil siyasətindən, demokratik prinsiplərindən döndərə bilməz. Azərbaycanla bağlı qəbul edilən bu sənədlər onların ikili standartlarını ortaya qoydu, öz imiclərinə ziyan vurdu”.
Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında “Azərbaycanda demokratik təsisatların vəziyyəti" və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamələr qəbul edilib.