Son günlər ermənipərəst qüvvələrin Azərbaycanı yenidən hədəfə alması ilk növbədə onunla bağlıdır ki, növbəti uğurlarımızla bizi sevməyənlərin yuxusuna haram qatmışıq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov “Baku Network” Ekspert Şurasının regionda siyasi vəziyyətə həsr olunmuş müzakirələrində deyib.
E.Nəsirov bildirib ki, Azərbaycan yeni nailiyyətlərə imza atıb, əks halda o qüvvələr ölkəmizi yenidən hədəf seçməzdilər: “Bu qüvvələr öz mahiyyəti etibarı ilə islamafob, ksenofob, irqçi düşüncəli qüvvələrdir. Onlar müsəlman aləmini hər zaman vətəndaş müharibəsi, münaqişə, toqquşmalar, terrorizm qiyafəsində təqdim etməyə çalışırlar. Amma görürlər ki, onların bu “strateji plan”larının üzərindən xətt çəkən, müsəlman ölkəsi necədir sualına cavab verən Azərbaycan dövləti var və bu dövlət sürətlə inkişaf edir, onun hədəfləri var və bu dövlətin başçısının yeritdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır”.
E.Nəsirovun fikrincə, ən başlıcası da bu qüvvələr heç cür qəbul edə bilmirlər ki, Azərbaycan dövləti, onun prezidenti müstəqil daxili və xarici siyasət həyata keçirir: “Görürlər ki, Azərbaycanda xalq-hakimiyyət birliyi mövcuddur, xalq öz prezidenti ətrafında birləşib, prezident heç bir beynəlxalq qüvvənin, beynəlxalq təşkilatın və siyasi dairənin diqtəsi ilə deyil, öz xalqının mənafeyindən irəli gələn bir siyasət həyata keçirir. Bu isə onların planlarının həyata keçməsinə imkan vermir. Belə olan vəziyyətdə Azərbaycan dövlətini hədəfə alırlar”.
E.Nəsirov vurğulayıb ki, hadisələrin baş vermə zamanına baxanda qarayaxma kampaniyasının məqsədi daha aydın olur: “Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini həyata keçirir və enerji siyasəti ilə yanaşı nəqliyyat sahəsinə də xüsusi önəm verir. Azərbaycan dünyanın nəqliyyat şəbəkəsinin mühüm bir elementinə çevrilir, bütün dəhlizlər Azərbaycandan gəlib keçir. Bu milyardlarla qazanc deməkdir, həm də neftdən, qazdan, fərqli bir mənbədən gələn gəlirlər deməkdir. Həm də görürlər ki, bu müsəlman ölkəsi təkcə neftin və qazın ixracı ilə deyil, həm də mədəniyyətin, multikultural dəyərlərin ixracı ilə məşğuldur. Azərbaycan mədəniyyətlərarası dialoq forumları keçirir, beynəlxalq forumlar keçirir, Azərbaycanda dünya liderlərinin sammiti keçirilir, BMT-nin qlobal forumu keçirilir. Azərbaycan sözdə deyil, əməldə sübut edir ki, elə də böyük olmayan bir dövlətin sözünün çəkisi və mənası böyükdür. Həmin qüvvələr bunu görür, həzm edə bilmir və bizi hədəf seçməyə başlayırlar”.