OQTAY GÜLALIYEVƏ 3 İL İŞ VERƏCƏKLƏR
Tarix: 20-04-2012, 13:34 |
Çap et
“KÜR”ÜN KOORDİNATORUNA AĞIR İTTİHAM
Aprelin 8-dən Sabirabad rayon polis idarəsinin təcridxanasında saxlanılan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyevə qarşı cinayət işi aşılıb.
Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Onun barəsində cinayət işini Sabirabad rayon prokurorluğu açıb.
Oqtay Gülalıyev Cinayət Məcəlləsinin 220.2 maddəsi ilə (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) ittiham olunur.
İttiham təqsdiqlənərsə o, 3 il azadlıqdan məhrum edilə bilər.
Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunda Minbaşı kəndində daşqınlarla bağlı monitotinq apararkən saxlanılıb. Bir gün sonra rayon məhkəməsi onun barəsində 12 sutka inzibatı həbs qərarı çıxarıb. Onun kənd bələdiyyəsinin sədrinin şikayəti əsasında saxlandığı bildirilir. Bələdiyyə sədri Oqtay Gülalıyev tərəfindən təhqir olunduğunu idda edir.
Oqtay Gülalıyev isə vəkili ilə görüşündə heç kimi təhqir etmədiyini deyib və həbsinin də apardığı işlə bağlı olduğunu diqqətə çatdırıb.
Aperelin 20-də o azadlığa buraxılmalı idi.