“Mənə dedilər ki, sənədləri hazırla Aprel döyüşündə şəhid olan oğluna görə sənə ödəniş ediləcək, sonra bundan imtina etdilər”. Bu sözləri Yeniavaz.com-a açıqlmasında Aprel döyüşlərində şəhid olmuş Emin Bağırovun atası İmran Bağırov deyib. O bildirib ki, övladı Aprel döyüşlərində şəhid olduqdan sonra hərbi hissədən zəng edərək ona deyiblər ki, oğlunuz xüsusi təyinatlılar üçün nəzərdə tutulan kursu keçdikdən sonra döyüşə qatıldığı üçün sizə müəyyən məbləğdə ödəniş ediləcək. Ancaq, sənədlər hazırlanandan sonra ona məlumat veriblər ki, nəzərdə tutulan ödəniş sizin oğlunuza aid deyil. İmran Bağırov isə şikayətində bildirir ki, əvvəl zəng edib belə bir təklif vermələri sonra imtina etmələri onun üçün qaranlıq qalıb: “Mən istəyirəm ki, əgər mənə bildirilən ödəniş mənim oğlumun haqqıdırsa ödənilsin, yox əgər deyilsə, səbəbini açıq şəkildə bildirsinlər. Hazırda evimin vəziyyətini görürsünüz. Maddi cəhətdən problemlərimiz var. Mən də həyat yoldaşım da şəhid xəbərini aldıqdan sonra xəstəliyə düşmüşük. Yüksək təzyiq xəstəsiyəm bu səbəbdən də heç yerdə işləyə bilmirəm. Əgər mənə maddi cəhətdən dəstək olsaydılar evdəki iki oğlumu evləndirərdim, bir çox problemlərimi də həll edərdim”.