Samir Şərifovu kim əvəzləyəcək? - İDDİA
Tarix: 18-02-2020, 10:24 |
Çap et
DİA.AZ: - Ötən ilin son aylarından başlayaraq ölkədə aparılan ciddi kadr islahatları 2020-ci ildə də davam etdiriləcəyi əvvəlindən deyilirdi və bu prosesin tərkib hissəsi kimi də parlament seçkiləri də göstərildi.
DİA.AZ-a daxil olan məlumata görə, bu əsnada illərdir adı ciddi maliyyə qalmqallarında, “Beynəlxalq Bank” olayında hallanan Maliyyə naziri Samir Şərifovun da vəzifədən çıxarılacağı gözlənilir.
Son günlər ciddi şəkildə mövqeyinin müdafiəsinə qalxan komandası onu bu postda qorumağa çalışır. Amma mənbə bildirir ki, bütün cəhdlərə baxmayaraq Şərifov postunu itirəcək. Onun yerinə nazirin müavini Azər Bayramovun təyinatı gözlənilir.
Azər Bayramov həm də büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir.
Qeyd edək ki, Azər Bayramov 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub.
1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə – İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasını almışdır. 2000-ci ildə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1990-cu ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlayıb.
1992 – 1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin “Beynəlxalq vergiqoyma”, 1997 – 1999-cu illərdə isə “İri vergi ödəyiciləri ilə iş üzrə” idarələrinin rəisi olub. 2000 – 2004-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.