"Rusiya qoşunlarını azaltmır, artırır" - Stoltenberq
Tarix: 17-02-2022, 07:55 |
Çap et
DİA.AZ: - Qərb ölkələri və Kiyev Rusiyanın öz qoşunlarını Ukrayna sərhədlərindən çəkdiyinə dair bəyanatlarına inanmadıqlarını bildiriblər.
DİA.AZ-ın məlumatına görə, üstəlik onlar bildirirlər ki, Moskvanın bu qoşunların sayını artırdığı müşahidə edilir və buna görə də Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi hələ də qalır.
Fevralın 16-da Vaşinqton habelə Rusiya Dövlət Dumasının Ukraynanın şərqində separatçıların nəzarət etdikləri ərazilərin müstəqilliyinin tanınması barədə təklifini qətiyyətlə pisləyib.
ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Moskva belə bir addım atarsa, bu beynəlxalq qanunun çox kobud şəkildə pozulması sayılacaq.
Rusiya Müdafiə Nazirliyinin fevralın 16-da yaydığı videoda tankların, piyadaların döyüş maşınlarının və özüyeriyən artilleriya birliklərinin dəmiryolu ilə ilhaq olunmuş Krımdan daşındığı görünür.
Lakin NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, alyans Rusiyanın bəyanatlarına rəğmən hələki sözü gedən bölgələrdə heç bir de-eskalasiya müşahidə etmir:
"Əksinə, belə görünür ki, Rusiya qoşunların sayını artırmaqla məşğuldur. Bizim paylaşdığımız kəşfiyyat məlumatları açıq mənbələrlə də, peyk fotoları ilə də təsdiqlənir”.
Stoltenberq təəssüflə qeyd edib ki, Rusiya təhlükəsi Avropada “yeni normala” çevrilib.
O əlavə edib ki, NATO mərkəzi və cənub-şərqi Avropada yeni döyüş qrupları yaratmaqla alyansın çəkindirmə və müdafiə qüdrətini artıracaq.