Türkiyə Antarktidada baza quracaq
Tarix: 20-02-2016, 10:13 |
Çap et
Türkiyə elmi araşdırmalar sahəsində böyük bir addım atmağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, cənub qütbü Antarktidada müstəqil elmi araşdırmalar aparmaq istəyən Türkiyə bu qitədə öz bazasını yaradacaq. Bu barədə Ətraf Mühit və Şəhərsalma Nazirliyində məsləhətçi müavini professor Mehmet Emin Birpınar məlumat verib. Birpınar Antarktidada “Qütb araşdırmaları tətbiq və təqdim mərkəzi” yaratmaq layihələri olduğunu bildirib.
“Antarktida cənub qütbündə yerləşən və heç kimə aid olmayan bir yerdir. Orada bir çox ölkələr elmi araşdırmalarla məşğuldur. Xüsusilə “İstanbul Texnik” universiteti (İTU) qütb araşdırmaları tətbiq və təqdim mərkəzi adlandırılacaq bir baza yaratmaq istəyir. Bundan başqa digər qeyri-hökumət təşkilatları da burada araşdırmalar aparmaq istəyir. Yəni Türkiyə bayrağının orada olmasının əhəmiyyətini fikirləşərək “ətraf mühit” tərəfini bizim də dəstəklədiyimizi bilməyinizi istəyirəm.”
Hazırda Antarktidada 29 ölkəyə aid elmi araşdırmalar mərkəzi olduğunu deyən Birpınar heç kimə aid olmayan bu yerdə Türkiyə bayrağı altında da mərkəz yaratmaq istədiklərini bildirib.
“Biz bu yerdə Türkiyənin öz bayrağı altında baza yaratmaq istəyirik. Bu yer heç kimə aid deyil. Antarktidada 29 ölkəyə aid 101 araşdırma mərkəzi var. Biz 102-ci kimi oraya getmək istəyirik. Əgər siz beynəlxalq razılaşmalarda tərəflərdən biri deyilsinizsə, sizin fəaliyyətinizə izin vermirlər. Türkiyənin də orada yerinin olması ona qitənin idarəsində söz hüququ verəcək. Yəni oyunun xaricində qalmamaq baxımından bu mərkəzin yaradılması ölkəmizin mənfəətlərinə uyğun olacaq”.
Bundan əvvəl türkiyəli akademiklər Antarktidadakı araşdırmalarını Bolqarıstana aid mərkəzdə həyata keçirirdilər.