İCTİMAİ KANALDA TƏHLÜKƏLİ TENDENSİYA
Tarix: 11-12-2013, 11:31 |
Çap et
TELEKANALIN KÖHNƏ ƏMƏKDAŞLARI YENİ RƏHBƏRLİYİN ŞƏRTLƏRİNƏ UYMUR
DİA.AZ: - İsmayıl Ömərovun gedişindən sonra bir-birinin ardından köhnə kadr heyətinə «əlvida» deyən İctimai kanalın yeni rəhbərliyi daha bir narazılığa nədən olan addımı atıb. Bu barədə DİA.AZ-a hazırda İTV-də çalışan əməkdaşlardan biri məlumat verib.
Məlumatı verən şəxs anonimliyinin qorunması xahişi ilə bildirib ki, İTV-də rəhbərlik dəyişəndən sonra köhnədən olan kadrlara qarşı bir düşmən münasibəti nümayiş etdirilməkdədir: «Bu gün İTV-də çalışan böyük əksəriyyət, hansılar ki, İsmayıl Ömərovun zamanında işə götürülüblər, həmin heyət əmindir ki, gec-tez işdən çıxarılacaq. Hərəyə bir bəhanə tapırlar. Əksəriyyətin müqaviləsinin bitmə vaxtı yaxınlaşdığından İTV-dən qovulacağı günləri sayır».
Kanal əməkdaşı bildirir ki, ən acınacaqlı durum isə bölgədəki müxbir postları ilə bağlıdır: «Yeni rəhbərlik adından bölgə müxbirləri qarşısında şərt qoyulub. Kim qalıb işləmək istəyirsə, 1000 manat həcmində şirkətə «yardım» etməlidir. Əks halda, onun yerinə əvəz tapılacaq. Çünki işləmək istəyən çoxdur».
Bu vəziyyətin təhlükəli tendensiya yaradacağını bildirən İTV əməkdaşı onu da əlavə etdi ki, mətbuatda «kadr islahatı» kimi təqdim olunan son dəyişikliklərdə də məhz bu «yardım» faktoru mühüm rol oynayıb: «Kim pul verməyibsə, onu da işdən atıblar. Proses davam edir»…
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq…