"BEYNƏLXALQ BANKI XİLAS ETMƏK CƏHDİ MANATI UCUZLAŞDIRACAQ" - ABŞ-dan Azərbaycana bəd xəbər
Tarix: 20-05-2017, 12:30 |
Çap et
Azərbaycan Beynəlxalq Bankının borclarının restrukturizasiyası nəticəsində yaranacaq birbaşa dövlət büdcəsi xərcləri, bu ilin əvvəlindən itirdiyi dəyərinin bir hissəsini bərpa etmiş manatın üzərində ucuzlaşma təzyiqini yenidən bərpa edə bilər
Gununsesi.info-nun məlumatına görə, bu barədə “Moody’s” beynəlxalq kredit reytinqi agentliyinin açıqlamasında bildirilir.
“Manatın daha da ucuzlaşması hökumətin və bankların valyuta borcunun həcmini artıracaq və kövrək maliyyə sağlamlığına malik olan Azərbaycan banklarının daha da zəifləməsinə gətirib çıxaracaqdır”,- açıqlamada deyilir.
Xəbər verdiyimiz kimi, Moody’s Investors Service (Moody’s), Azərbaycanın “neqativ” proqnozlu “Ba1” reytinqini yenidən aşağı salmaq üçün izləməyə götürüb. Bu barədə “Marja”ya Moody’s-dan bildirilib.
Azərbaycanın kredit reytinqi 29 Aprel 2016-cı ildən “Ba1” səviyyəsindədir.
Reytinqin daha da aşağı salınması üçün nəzarətə götürülməsi Azərbaycan Beynəlxalq Bankının borcunun dövlətə ötürülməsidir. Moody’s hesab edir ki, bu addım böyük maliyyə xərclərinə gətirib çıxara, dövlətin maliyyə vəziyyətini pisləşdirə və Azərbaycanın iqtisadi inkişafının ləngiməsinə səbəb ola bilər.
Kredit reytinqinin daha da aşağı salınması Azərbaycana investisiyaların daxil olmasını ləngidə, Azərbaycan üçün kredit faizləri yüksələ bilər. Belə mənfi hallar Manatın məzənnəsinə də mənfi təsir edə bilər.