Balakən rayonundan cumhuriyyet.az-a daxil olan şikayətlərdə vətəndaşlar rayonda bütün sahələr üzrə məmur özbaşnalığından boğaza yığıldıqlarını qeyd edirlər. Paytaxtdan beş yüz km aralıda yerləşən Balakəni elə bil unudublar. Rayonda rüşvət-korrupsiya tüğyan edir. Rayon rəhbərliyi dövlət başçısının verdiyi sərəncamları saya salmadan öz işindədir. “Balakən rayon mərkəzi xəstəxanasında açıq bazar qaydaları hökm sürür. Baş həkim bura ancaq öz yerlilərini yerləşdirib. Rayonda təhsil adına heç bir şey qalmayıb. Dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin qudası Zeynal Əliyev Hənifə kəndinin əhaliyə aid örüş sahələrini ələ keçirərək balıq gölləri inşa etmək istəyir. Zeynal Əliyev rayonun ayrı-ayrı ərazilərində xeyli torpaq sahələrini saxta sənədlər əldə etməklə ələ keçirib. Bütün bunlar rayonda əhali arasında ciddi narazılıqlara səbəb olub. İcra başçısı İslam Rzayev Zeynal Əliyevə heç bir şey deyə bilmir. Çünki onu icra başçısı postuna Rövnəq Abdullayev təyin elətdirib. Hənifə kəndinin əhalisi məcbur olub mal-heyvanlarını satırlar. Çünki onları otarmağa örüş sahələri qalmayıb. Bizlərin başqa işimiz və gəlirimiz də yoxdur ki, oradan aldığımız məvaciblə ailəmizi dolandıraq. Rayonda işsizlikdən bütün əhali əzab çəkir. Balakəndə yalnız məmurlar kef edirlər. Rövnəq Abdullayevin qudası rayonda müxtəlif üsullarla, hətta öz yerlilərimizi bizim üstümüzə göndərib bizləri hədələyib təqib edir. Onlar bizə deyirlər ki, biz nə istəsək edə bilərik, sizlər isə susmalısınız. Dəfələrlə ölkə başçısına, baş prokurora müraciət etmişik. Çox təəssüf ki, haqlarımız bərpa olunmur. Biz buradan köçüb hara gedək?Bizim şikayətlərimiz baxılması üçün icra başçısı İslam Rzayevin üzərinə göndərilir. İslam Rzayev bizim problemimizi həll edəsi deyil. Çünki vəzifəsindən qorxur. Çünki İslam Rzayev Balakən əhalisinə xidmətə deyil, onu istismar edib pul qazanmağa gəlib və gəldiyi gündən də qollarını çırmalayıb bu işə girişib”. Bütün bunları cumhuriyyet.az-a şikayətçi, Balakən rayonu Hənifə kənd sakini Nazim Qazıyev bildirir. Həmin video müsahibəni dəyərli izləyicilərimizə təqdim edirik.