ARDNŞ ŞEFİ GÜRCÜSTANDAKI ADAMINI DƏYİŞDİ
Tarix: 2-10-2013, 08:49 |
Çap et
GÜRCÜLƏRİN İTTİHAM HƏDƏFİ OLAN MAHİR MƏMMƏDOV MÖVQELƏRİNİ İTİRİB
DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə bağlı daha bir ilginc məlumat əldə etmişik. Xatırladaq ki, onun Gürcüstanda böyük biznesinin olması barədə yetərincə bilgilər yayılıb. Xəbərlərdə o da qeyd olunurdu ki, ARDNŞ şefinin qonşu ölkədəki «təsərrüfatını» hazırda «Socar Georgia»nan vitse-prezidenti postunu tutan Mahir Məmmədov adlı şəxs yönəldir. Bu həmin Mahir Məmmədovdur ki, bir ara gürcü vergi polisi onu 13 milyon ABŞ dolları həcmində vergidən yayınmada ittiham edirdi.
DİA.AZ-da Gürcüstandakı qaynaqlardan ötürülən informasiyada qeyd olunur ki, artıq Mahir Məmmədov həm «Socar Georgia»dakı vəzifəsindən alınıb, həm də o, Rövnəq Abdullayevin biznesinin yönəticiliyindən uzaqlaşdırılıb. Bunun səbəbləri barədə isə konkret heç nə deyilmir.
Amma DİA.AZ olaraq apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, əslində Mahir Məmmədovun «Socar Georgia»nın rəhbərliyindən uzaqlaşdırılması qabaqcadan planlaşdırılıb. Səbəbsə ona qarşı vergidənyayınma ittihamının hələ də qüvvədə olmasıdır. Təbii ki, belə bir reputasiyalı şəxsi ARDNŞ şefi şəxsi biznesinin də başında saxlaya bilməzdi.
Deyilənlərə münasibətin öyrənilməsi üçün Mahir Məmmədovla və ARDNŞ-in mərkəzi ofisi ilə əlaqə cəhdlərimiz uğursuz alındı. Yalnız ARDNŞ-dən adının çəkilməsini istəməyən şəxs bildirdi ki, bu məsələ ilə bağlı «Socar Georgia»dan münasibət öyrənilməlidir.