ÇİNGİZ QƏNİZADƏDƏN TƏKLİF GƏLDİ
Tarix: 1-02-2013, 12:35 |
Çap et
DEPUTAT LAYİHƏ HAZIRLAYIBFevralın 1-i Milli Məclisin yaz sessiyasının ilk iclasında danışan parlament sədri Oqtay Əsədov deyib ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında anti-Azərbaycan qüvvələrin niyyəti baş tutmayıb: “Sessiya çərçivəsində anti-Azərbaycan qüvvələr Azərbaycanda siyasi məhbus məsələsini qaldırıb, hesabat hazırlayıblar. Lakin bu hesabat qəbul edilməyib. İlham Əliyevin uğurlu daxili və xarici siyasəti anti-Azərbaycan qüvvələrin bu niyyətinin həyata keçməsinə imkan vermədi və AŞPA tərəfindən rədd edildi”.
Deputat Çingiz Qənizadə deyib ki, “Qrantlar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlardan irəli gələrək İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edir, bununla bağlı layihə hazırlayıb: “Layihə hazırlamışam və parlamentə təqdim edəcəm. Müəyyən siyasi və dini təşkilatlar xaricdən qrant və digər formalarda maliyyələşirlər. Bəzən bu qrantların verilməsi saf niyyətli olur, bəzən isə radikal qrupların, terrorçuların maliyyələşdirilməsi həyata keçirilir. Bəzən də maliyyə nağd verildiyinə görə vergidən yayındırılır, hesabatı verilmir. Hazırladığım layihə şəffaflığın artırılması üçündür. Pulları kim verir, hara xərclənir – verilən hesabatda əksini tapmalıdır”.
Oqtay Əsədov Çingiz Qənizadənin təklifini dəstəkləyib, məsələyə hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılmasını tapşırıb.