KEÇMİŞ NAZİR MÜAVİNİNƏ VƏZİFƏ VERİLDİ
Tarix: 16-11-2011, 16:37 |
Çap et
MİSİR MƏRDANOVUN QOVDUĞUNA RÖVNƏQ ABDULLAYEV SAHİB ÇIXDI
Məlumata görə, təhsil nazirinin sabiq müavini Elmar Qasımov yeni vəzifəyə təyin olunub.
Qeyd edək ki, Elmar Qasımov sentyabrın 14-də ölkə başçısının müvafiq sərəncamı ilə təhsil nazirinin müavini postundan azad edilib. Baş nazir Artur Rasizadənin noyabrın 3-də imzaladığı qərarla isə E.Qasımov Təhsil Nazirliyinin kollegiya üzvlüyündən də çıxarılıb. Bu gün isə sabiq nazir müavinini Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən azad ediblər.
Yeni vəzifəsində Elmar Qasımov Təhsil Nazirliyində olduğu kimi, xaricdə təhsil məsələlərini kurasiya edəcək.
E.Qasımov yeni vəzifə ilə işə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) başlayıb. O, ARDNŞ-nin vitse-prezidentinin müavini postuna təyinat alıb. Bu postda E.Qasımov ARDN-nin Təhsil Proqramı üzrə xaricdə təhsil məsələlərini də kurasiya edəcək.
Qeyd edək ki, E.Qasımov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvüdür. AFFA-ya isə ARDNŞ prezidenti Rövnəq Abdullayev rəhbərlik edir.
Modern.az xəbəri dəqiqləşdirmək üçün ARDNŞ ilə əlaqə saxlayıb. ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev xəbəri nə təsdiq, nə də təkzib edib: “Mən də belə bir məlumat eşitmişəm. Amma bu təyinata dair əmrlə tanış deyiləm. Ona görə də məlumatı təkzib və ya təsdiq edə bilmərəm”.
Elmar Qasımov 1999-cu ildən 2011-ci ilin sentyabrınadək təhsil nazirinin müavini postunu tutub. O, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.