Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEV İSTİNTAQDAN NECƏ YAYIN(DIRIL)IR?

ELŞAD ABDULLAYEV İSTİNTAQDAN NECƏ YAYIN(DIRIL)IR?


30-08-2013, 11:18
ELŞAD ABDULLAYEV İSTİNTAQDAN NECƏ YAYIN(DIRIL)IR?
KEÇMİŞ REKTOR AZƏRBAYCANI TƏRK EDƏNDƏN SONRA BIĞLARINI QIRXDI Kİ…

DİA.AZ: - Dünən məlum oldu ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevə qarşı ilk məhkəmə istintaqı start götürür. Belə ki, ABU-nun nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılova barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib. Məlumata görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, insan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynanın hüquq mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi faktları ilə bağlı Azərbaycan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanılıb. Araşdırma zamanı universitetin rektoru Elşad Abdullayevin tabeçiliyində olan Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılovaya həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, qanunsuz göstəriş verməklə İsrail vətəndaşları Boris Volfman, Yuri Katsman və digərləri ilə əlbir olub cinayət əlaqəsinə girərək Azərbaycanın «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» qanunun tələblərini kobud surətdə pozduqları məlum olub.

2009-cu ilin mart-dekabr aylarında Ukraynadan Azərbaycana gətirilmiş təqsirkar şəxslərdən maddi cəhətdən asılı olan donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb 11 nəfər İsrail, 1 nəfər Fransa və 1 nəfər ABŞ vətəndaşları olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaratması, həmçinin Dilarə İsmayılovanın hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparmadan nağd qaydada ümumilikdə 130 min ABŞ dolları məbləğində pulu alaraq Mərkəzin kassasına mədaxil etmədən E.Abdullayevə verməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında şübhələnmək üçün əsaslar olduğundan cinayət işi üzrə E.Abdullayev və D.İsmayılova Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

E. Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

DİA.AZ-a isə bununla bağlı ilginc məlumatlar daxil olub. Mötəbər mənbələrdən sızan informasiyaya görə, keçmiş rektor əslində əvvəlindən hansı ittihamların hədəfinə çevriləcəyini göz önünə gətiribmiş və buna görə də ilkindən ehtiyat tədbirlərini görüb. Xatırladaq ki, bu günlərdə Elşad Abdullayevin adına saxta pasportun olması faktı da aşkarlandı və iddia olunur ki, keçmiş rektor ölkələri məhz saxta pasportla gəzdiyindən hətta interpolun araçılığı ilə axtarışa verilməsi şəraitində də yaxalanması çətinləşib. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, indi keçmiş rektorun həbsi daha da müşkülə çevrilə bilər.

Mənbənin söylədikləri: «Təbii ki, Elşad Abdullayev hər şeyi əvvəlindən hesablayıb. Ən azından bu adamın 10 il ərzində gizli videolar çəkməsindən məsələnin nə yerdə olduğunu təsbit etmək mümkündür. Yəni adam illərdir hazırlaşır və elə buna görə də bu gün Elşad Abdullayevin adına saxta pasportun olması faktı kimlər üçünsə təəccüblü görünməməlidir».

Mənbəmizə görə, keçmiş rektor eyni zamanda xarici görünüşünə də yetərincə əl gəzdirib: «Elşad Abdullayev Azərbaycanı tərk etdikdən sonra ilk işi xarici görünüşünü dəyişmək oldu. Bığını qırxdı. Hər halda, bu yolla onun xeyli dərəcədə dəyişdiyini hər kəs etiraf edər».

Mənbəmiz iddia edir ki, interpol vasitəsilə axtarışa verilməsi xəbərinin ardından Elşad Abdullayevin plastik əməliyyata girməsi də mümkündür: «Onun belə bir yola əl atması üçün imkanları yetərincədir. Orqan alverilə məşğul olmuş Elşad Abdullayevin bu cür əməliyyatları gizli yolla, qanundankənar həyata keçirə biləcək yetərincə həkim tanışlarının olması da inandırıcıdır».

Geri qayıt