Bu ilin əvvəlinə olan məlumata görə, ölkədə dövlət və qeyri-dövlət olmaqla, 4422 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 4388-i dövlət müəssisələridir. Bu məktəblərdən 292-i yalnız ibtidai təhsil, 766-sı ümumi orta, 3348-i isə tam orta təhsil verir.
Təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ümumillikdə 1704,2 min nəfər, müəllimlərin sayı 150.8 min nəfər təşkil edir.
Dövlət müəssisiələrində təhsil alanların sayı 1680,7 min nəfər, müəllimlərin sayı 147,2 min nəfər təşkil edir. Onu da qeyd edək ki, 1995-ci ildə, yəni təxminən 30 il əvvəl ölkədə fəaliyyət göstərən dövlət ümumtəhsil müəssisələrinin sayı 4480, 2000-ci ildə isə 4538 olub.
Qeyd edək ki, rəqəmlər Dövlət Statistika Komitəsinə istinadla verilib.
Rəqəmlərdən göründüyü kimi, orta məktəblərin sayında azalma var.
Bu günlərdə Milli Məclisdə gündəmə gələn müzakirələrdən isə belə məlum olur ki, yaxın gələcəkdə bu say kəskin şəkildə azalacaq. Daha doğrusu, 4388 məktəbdən 1500-nün bağlancağı müzakirə mövzusudur. Belə çıxır ki, bir müddət sonra ölkədə fəliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı 2888-ə qədər azala bilər.
Elm və təhsil naziri Emin Əmrullayevin məsələ ilə bağlı açıqlamasına keçməzdən əvvəl qeyd edək ki, hazırda ölkənin elə ucqar kəndləri var ki, orda uşaqların təhsil alması üçün məktəb fəaliyyət göstərmir.
Zaman-zaman fotoqrafların çəkdiyi fotolarda, ayrı-ayrı media qurumlarının, televiziyaların hazırladığı süjetlərdə şaxtalı, qarlı günlərdə məktəbə getmək üçün kilometrlərlə yol qət edən azyaşlıların görüntülərini çox görmüşük. Və təbii ki, məktəbin uzaqlığından məktəbə getməyənləri də.
Belə çıxır ki, bir azdan həmin uşaqların 10-15 km məsafə qət edib getdikləri o məktəblər də olmayacaq. Bu dəfə onlar məktəbə getmək üçün daha uzaqlara getməli olacaqlar. Yaxud da ki, övladına təhsil vermək istəyən və nəticədə doğma yurdu ilə vidalaşmalı olanların sayı sürətlə artacaq.
Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin deputatı Ceyhun Məmmədovun Azərbaycanda olan 4400 məktəbdən 1500-nün bağlanmasının planlaşdırıldığı ilə bağlı səsləndirdiyi fikrin yanlış başa düşüldüyünü deyib.
Nazir belə açıqlama verib ki, 1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: “Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib. Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır. Səsləndirilən fikirlər isə aşağıdakılardır:
1. Ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbin 1500-də 100-dən az şagird təhsil alır.
2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).
3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.
Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə, yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir.
Məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdə kütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinin dayandırılması planlaşdırılmır".
Açıqlamada məktəblərin bağlanması sözü səsləndirilməsə də, rasionallşadırmadan danışılır. İqtisadiyyatda daha çox şirkətlərin öz fəaliyyətlərində tətbiq etdiyi bu metod daha düzgün varinatı seçməklə çıxarı azaltmaq, gəliri artırmağa xidmət edir. Nazirin açıqlamasında da daha çox vurğulanan məqam az şagirdi olan məktəblərə çox xərc çəkilməsidir. Ucqar kəndlərdə olan məktəblər üçün ən uyğun variantın tapılması elə çox zaman onun bağlanması ilə nəticələnir və nəticələnəcək. Terminlərdən istifadə etməklə gedən prosesin mahiyyətinin fərqli təqdim olunması nəticənin fərqli olacağına zəmanət vermir. O məktəblərə xərc çox çəkilsə də, orda Azərbaycanın gələcəyi olan uşaqlara xidmət göstərilir.
Məktəb uşaqlara yalnız bilik aşılayır?
Son olaraq, mövzu ilə bağlı TNS-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikirlərini təqdim edirik: “Həm Milli Məclisin birgə komitələrinin iclasında səsləndirilən fikirlərdən, həm də nazirliyin dünən verdiyi açıqlamadan bir daha aydın olur ki, Azərbaycanda bir sıra məktəblər artıq bağlanıb və bu proses davam edəcək. Mən həm komitə iclasında, həm də plenar iclasda məktəblərin bağlanmasının yarada biləcəyi problemlərə toxundum. Məktəb təhsil verməklə yanaşı, həm də mədəniyyət və tərbiyə müəssisəsidir.
Bu addım bölgələrdə gənclərin savadlılığına, dünyagörüşünün və intellektual səviyyəsinin formalaşmasına mənfi təsir göstərə, eyni zamanda ucqar kəndlərin boşalmasına aparıb çıxara bilər”.
TNS.az