SAYTLARI QORUMAQ ÜÇÜN QURUM YARADILIR
Tarix: 1-11-2011, 16:13 |
Çap et
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ MÜRACİƏT HAZIRLANIB
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev “Media forum” saytına bildirib ki, ölkədə internetin təhlükəsizliyini təmin etmək, plüralizmi qorumaq, saytları müdafiə etmək üçün müstəqil qurumun yaradılması istiqamətində işlər görülür.
Belə bir qurumun yaradılması təşəbbüsünü Mehman Əliyev oktyabrn 11-də Redaktorlar Birliyinin medianın kiber təhlükəsizliyi mövzusunda keçirdiyi dəyirmi masada isrəli sürmüşdü.
Noyabrın 1-də “Media forum”a açıqlamasında Mehman Əliyev deyib ki, saytları müdafiə etmək üçün müstəqil qurumun yaradılması üçün tədbirlər görülür: “Qurumun yaradılması tezliklə reallaşacaq. Bununla bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz müraciət hazırlayır. Müraciəti yaxın günlərdə Milli Təhlükəsizlik Nazirliyinə göndərəcəyik. Müraciətdə əsasən milli internet resursunun qorunması məsələsi əksini tapıb”.
Oktyabrn 11-dəki dəyirmi masada Mehman Əliyev bildirmişdi ki, kiber hücumların qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyində hansısa mexanizm qurulmalı, təlimat hazırlanmalıdır ki, hücumlardan əziyyət çəkənlər şikayət edəndə ona baxılması mümkün olsun. “Turan”ın direktoru vurğulamışdı ki, lazım gələrsə, həmin mexanizmi, təlimatı hazırlaması üçün MTN-ə müraciət də edilməlidir.