ƏLİ HƏSƏNOV NƏDƏN YALAN DEYİR?
Tarix: 27-10-2011, 13:19 |
Çap et
O, MƏTBUAT YAYIMI BİZNESİNƏ BAĞLILIĞINI İNKAR EDİR
DİA.AZ: - Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakıda çap məhsullarının yayımı biznesinin arxasında durması barədə məlumatı təkzib edib.
Ə.Həsənov mətbuata açıqlamasında bildirib ki, nə o, nə də “Kaspi” firmasının Bakıdakı qəzet köşklərinin yerləşdirilməsinə aidiyyatı yoxdur. Onun sözlərinə görə, bununla Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur.
Qeyd edək ki, ötən gün bir qrup KİV rəhbəri çap məhsullarının yayımı ilə bağlı yaranmış böhranlı vəziyyətlə əlaqədar prezident İlham Əliyevə məktub göndərib. Məktubda müstəqil yayıcıların bazardan sıxışdırıldığı bildirilir. Eyni zamanda göstərilir ki, yeni köşklər başqa funksiyaları yerinə yetirir.
KİV rəhbərlərinin prezidentə müraciətinə gəlincə, Həsənovun sözlərinə görə, ona baxılacaq. “Biz də mövcud problemlərin həllində maraqlıyıq”, - o vurğulayıb.
Onu da bildirək ki, Əli Həsənovun bu mövzuda həqiqəti gizlətməsi əslində gözləniləndir. Hər halda o, qeyr-rəsmi olaraq nəzarət etdiyi media biznesini etiraf edəcək deyildi. Amma fakt faktlığında qalır və faktlar onu söyləyir ki, PA rəsmisi yalan danışır və bu gün onun Bakı meriyasının adına çıxdığı və piştaxtalarında hətta spirtli içkilər belə satılan “Press” köşklər onun nəzarətindədir.