Əsas Səhifə > Güney Press > Qarşıda yeni hədəflər durur

Qarşıda yeni hədəflər durur


Bu gün, 13:59
Qarşıda yeni hədəflər durur
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda
Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı
Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdilər. Cənab İlham Əliyevin
açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, bu gün Qərbi
azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii
olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının
hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi
azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda
birləşməyə dəvət edən hadisədir: «Biz o günü səbirsizliklə gözləyirik,
inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq
Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və
Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.»
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən
yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhu ilə
həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz
töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və
vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna
potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin
koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq
Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və
gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq
sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi
mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə
ehtiramın təzahürüdür. Onu da qeyd edək ki, Aşıq Ələsgərin zəngin poetik
irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi
dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ulu
Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu
Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz
ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley
mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların
əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq
Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst
soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra
erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib
hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi
yaşamaqdadır.
Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, üç il əvvəl Aşıq
Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanıb. Bir
Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində
qeyd edildi. İkinci Sərəncamda isə onun abidəsinin ucaldılması məsələsi
nəzərdə tutulurdu. Bu gün şəhərimizin mərkəzində, gözəl parkda Aşıq
Ələsgərin abidəsi ucaldıldı.
Aşıq Ələsgərin keçliyi ömür yolundan, yaradıcılığından geniş bəhs
edən cənab İlham Əliyev diqqəti bu mühüm məqama da yönəltdi ki, ömür
boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış,
yaratmış və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə
məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi. 1918-ci ildə erməni vəhşiləri
azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə
azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci
deportasiyası idi. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna
köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə
mahalına çəkirdi. Baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından
Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən, torpaq
sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç
ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra
orada vəfat etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev ermənilərin havadarlarının dəstəyi
ilə zaman-zaman azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti
həyata keçirməsindən bəhs etdi. Xalqımız XX əsrdə üç deportasiya
dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və
1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş
vermişdir: «İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan
xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük
bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik
təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba
torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var.
Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o
torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti
ilə yaşayırlar.»
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz
30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizin
qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi
iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm
Zəfərimiz Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha sübut
etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər
göstərilməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir.
Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı böyük
qürur hissi ilə qeyd etdi ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu
Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük.
O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan
soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük
Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər: «Əslində, bu proqram
artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara
qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən
əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də
görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə
uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi.
Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda
bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm
ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir.»
Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan
sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz
ruhu olan yerdə heç bir qüvvə bu iradənin qabağında dura bilməz.
Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa
olunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini,
ümidlərini daha da artırdı. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz hər
dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm strateji, həm taktiki,
həm qısamüddətli, həm uzunmüddətlidir. Amma hədəflər düzgün
seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm
həqiqəti, ədaləti və həm də real vəziyyəti, gücümüzü əks etdirməlidir. Nə
qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.
Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizn tam bərpa
edilməsi Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırır. Qərbi
Azərbaycana Qayıdış Proqramı uğurla icra edilir. Artıq bu məsələ əsas
hədəfələr sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin
yanvarında yerli televiziya kanallarına müsahibəsində bu çağırışı etmişdir
ki, əlbəttə, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların
hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə
bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu
artıq beynəlxalq arenaya çıxarmışıq: «Əlbəttə ki, Qərbi azərbaycanlılar öz
dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün
beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan
dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək... biz
bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki
bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər
yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət
damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi
azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.»

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
Dia-az.Media

Geri qayıt