Sabirabadın icra başçısının da sanılı günləri qalıb... - Nazim İsmayılov 5 illik "sroku" başa vura bilməyəcək
Tarix: 9-10-2014, 14:47 |
Çap et
Sabirabadın icra başçısı Nazim İsmayılov yaxın günlərdə işdən çıxarılacaq. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan informasiyada bildirilir ki, rayon ərazisində inşa edilən «Asan Xidmət Mərkəzi»nin binası ilə bağlı yerli məmurlardan biri ilə ciddi insident yaşanıb. İnformasiyalara əsasən rayonun maliyyə idarəsinin rəisi Hüseynağa Gülüşovun bacısı oğluna məxsus olan dükanın ərazisi dövlət ehtiyacı üçün istənilib. İcra başçısı maliyyə idarəsinin rəisindən dükanı konpensasiya ödənilmədən sökülməsini istəyib. Lakin mülkiyyətçi buna razı olmayıb.
Məlumata əsasən icra başçısı Nazim İsmayılov ciddi şəkildə israr edərək dükanın sökülməsinə nail olub. Lakin sonradan bəlli olub ki, rayonun maliyyə idarəsinə həmin sökülmüş dükana görə konpensasiya sənədləri daxil olub. Daxil olan informasiyalara görə, bundan sonra maliyyə idarəsinin rəisi Hüseynağa Gülüşov konpensasiyanı icra başçısından xəbərsiz olaraq bacısı oğluna verib. Hətta icra başçısının bu təhdidi ilə bağlı Bakıya da məlumat ötürüb. Bundan sonra isə Sabirabadda bütün tikintilərin davam etdirilməsi üçün ayrılan vəsaitlər dayandırılıb. Hətta rayonun girişində inşa edilməkdə olan Mərkəzi Xəstəxananın binasının da tikintisi dayandırılıb.
Məlumatlara əsasən icra başçısının yaxın zamanlarda yola salınacağı səbəbindən cari il üçün büdcədə nəzərdə tutulan infrastruktur layihələri də təxirə düşüb. Qeyd edək ki, Nazim İsmayılov əslən Göyçay rayonundandır. Və onun adı nurçularla müəmmalı əlaqələrdə hallanan Ceyhun Osmanlı və deputatın atası ilə yaxın dost olduqları deyilir. Bu informasiya ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.