Rusiya xəfiyyəsinin məxfi əməkdaşları Azərbaycanda! - Kreml ölkəmizə qarşı şok planı işə salıb
Tarix: 30-04-2014, 13:06 |
Çap et
DİA.AZ: - Ukraynada baş verən olayların fonunda Rusiyanın növbəti hədəfinin Azərbaycan olacağı ilə bağlı dəfələrlə müxtəlif fikirlər səsləndirilib ki, bu da təbii olaraq ölkəmizdə böyük qıcıqla qarşılanmaqdadır. Artıq qeyd olunan istiqamətdən müxtəlif səpgili informasiyalar da gəlməkdədir. Belə ki, iki gün əvvəl Rusiyanın Azərbaycandakı səfirliyinin əsasən Azərbaycanın şimal bölgəsində gizli iş aparması və yüzlərlə Azərbaycan vətəndaşına Rusiya vətəndaşlığının təklif edilməsi barədə xəbərlər yayıldı.
Bu yöndən DİA.AZ redaksiyasına da narahatçılıq yaradacaq məlumat ötürülüb. Bilgili qaynaqların iddialarına görə, Kreml Azərbaycana qarşı yeni təzyiq rıçaqlarının yaradılması məqsədilə ölkəmizə xüsusi tapşırıqla bir neçə dəstə yollayıb.
Məlumatı verən mənbə iddia edir ki, Azərbaycan türkcəsində də yaxşı danışan həmin rus emissarların başlıca məqsədi əsasən milli azlıqların yaşadıqları bölgədə Rusiyanın maraqlarına uyğun iş aparmaqdan ibarətdir: «Həmin şəxslərdən bəzilərinin hətta Azərbaycan vətəndaşı olduqları da güman edilir. Bu adamlar illər ərzində xüsusi təlim görüblər və bu gün Rusiyanın maraqları naminə iş aparırlar».
Onu da bildirək ki, artıq belə biri qrupun ölkəmizin ərazisinə soxulması ilə bağlı yerli mətbuatda da bilgilər yayılıb. Hətta portallardan birinin xəbərində qeyd olunurdu ki, həmin rus emissarlarından ikisi sərhəddə tutulub və geriyə qaytarılıb.