"Qohumum "Trendyol"dan 5 ədəd məhsul sifariş verib, açanda görüb ki, 3 ədədi yoxdur" - Tahir Kərimli
Tarix: 19-10-2024, 10:40 |
Çap et
""Trendyol"la bağlı şikayətlər həddən artıq çoxdur. Bu yaxınlarda qohumlarım 5 ədəd məhsul sifariş veriblər, açanda görüblər ki, 3 ədədi yoxdur. Bir nəfər də saat sifariş verib, amma hələ gəlib çıxmayıb, az qala 1 il olacaq. Pul da gedir, can da. Məhsulu vaxtında çatdırmırlar. Çox ciddi məsuliyyətsizlik var".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
"Üstəlik, "Trendyol"un Bakı ofisinin açılması nəyə xidmət edir, bilmirəm. Həqiqətən də, "Trendyol" ağını çıxarıb. Əvvəl "Trendyol", sonra da "Temu" özlərini reklam edib, camaatı bir az həvəsləndirdilər. Halbuki camaat daha çox "Temu"dan məsuliyyətsizlik gözləyirdi. "Trendyol" qaydaları daha çox pozur. Mal ya gəlmir, ya da başqa formada çıxır. Bu yaxınlarda eşitdim, bir nəfər də eynək sifariş verib. Üç ölçülü eynək yerinə bir ölçülü göndəriblər. Belə şeylər çoxdur. Buna görə də aidiyyəti orqanlar məsələ ilə məşğul olmalıdırlar. Belə olmaz. Yoxsa camaatın aldadılmasının qarşısı alına bilməyəcək", - o bildirib.