Göyçayda baş verən sel hadisəsi kəndlərə təkcə su yox, həm də zibil daşıyıb. Rayonun məişət tullantıları kəndlərin yaxınlığındakı dağların arasında qalan dərəyə toplanır. Bu dağlar kəndlilərin örüş yeri, dərədən axan suya qarışan arxlar isə onların yeganə içməli su mənbəyidir.
Zibil poliqonundan 3 kənd – Qarabaqqal, Bığır və Hacalıkənd əhalisi əziyyət çəkir. Kəndlilər deyir ki, sanki dövlət bu yerlərdə insan yaşadığını unudub.
Kəndlilər on illərdir sərasər dövlət qurumlarını gəzir, şəraitlərini danışır. Lakin nə paytaxtdan xoş bir xəbər gəlib, nə də dəyişən yerli məmurlar vəziyyəti düzəldib.
2018-2022-ci illər üzrə Dövlət Proqramına bərk məişət tullantılarının idarə edilməsi üzrə obyektlərin tikintisi də daxil edilib. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı suallarımızı cavablandırmayıb, bizi yerli quruma yönləndirib.
Göyçay Rayon Icra Hakimiyyətindən bildirilib ki, rayonda məişət tullantılarını emal edən müəssisə yoxdur. Bu səbəbdən, zibil dağlıq ərazidə toplanır, üstü ya torpaqla basdırılır, ya da təbii çürümə yolu ilə məhv edilir. Müəssisənin tikintisi üçün Nazirlər Kabineti sərəncam verməlidir.
Dövlət qurumları məsuliyyəti bir-birinin üzərindən atarkən, kəndlilər bir günü də çirkli və qoxulu su ilə başa vurur.