Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Tarix: 6-05-2024, 16:18 |
Çap et
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi və “Bakcell” mobil rabitə şirkəti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun və “Bakcell” şirkətinin satış direktoru Həmid İmanovun imzaladıqları Memoranduma əsasən, Respublikamızda telekommunikasiya xidmətləri sahəsində çoxillik təcrübəsi olan mobil şəbəkə operatoru Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək verir.
Bu ilin aprel ayından etibarən, “Bakcell” doğma yurda qayıdan keçmiş məcburi köçkünlərə sim-kartlar hədiyyə edərək, onlara ödənişsiz xidmətlərdən yararlanmaları sahəsində yeni tarif paketləri təqdim edir. Belə ki, 2 AZN xidmət haqqı ödəməklə bu kompaniyadan yararlanan keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışmaq imkanı əldə edirlər.
Qeyd edək ki, Sim-kartların işğaldan azad edilmiş ərazilərə qayıtmış və qayıdacaq ailələrin razılığı ilə hər birinə təqdim olunması nəzərdə tutulur.
Bildiririk ki, ilkin mərhələdə Füzuli şəhərinə və Laçın rayonunun Zabux kəndinə köçürülmüş, o cümlədən daha əvvəl doğma yurda qayıdan 1100-dən çox ailəyə ödənişsiz nömrələrin paylanması prosesi həyata keçirilib və davam etdirilir. İlkin olaraq hər bir ailəyə 2 ədəd sim-kart təqdim olunmuşdur. Sonradan bu sim-kartların sayının həmin ailələrin istəyi ilə (5 ədəd nömrəyədək) artırılması planlaşdırılır.