Nazirlər Kabinetinin 2 strukturunda rəhbər dəyişikliyi gözlənilir - İSLAHAT
Tarix: 17-02-2014, 12:46 |
Çap et
DİA.AZ: - Prezident İlham Əliyev keçən ilin 22 oktyabr tarixində Nazirlər Kabinetinin tərkibini təsdiqləyən zaman 7 NK strukturuna təyinat olmadı. Sonradan isə yalnız bu qurumlardan biri ilə bağlı rəsmi qərar verildi və hələ də 6 qurumun rəhbəri öz postlarında təsdiqlənməmiş də olsa, vəzifələrinin icrasına davam edirlər.
Xatırladaq ki, yalnız Dövlət Sosial Müdafiə Fonduna rəhbər təyin edildi. Digər 6 NK strukturu isə hələ də köhnə - təsdiqlənməmiş rəhbərlə yola davam etməkdədir:
1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsi - (Məleykə Abbaszadə icra edir);
2. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - (Kamran Imanov icra edir);
3. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi - (Bəhram Xəlilov icra edir);
4. Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi - (Inam Kərimov icra edir);
5. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsi (Akim Bədəlov icra edir);
6. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi - (Isgəndər Çəndirli icra edir).
DİA.AZ-a bununla bağlı yeni məlumatlar daxil olub. Xatırladaq ki, hələ keçən günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə bağlı informasiyanı diqqətinizə təqdim etmişdik və aydın olurdu ki, artıq TDQDK rəhbərliyi ilə bağlı qəti qərar verilib və köhnə rəhbərlə «yola davam» deyiləcək.
Redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, bu günlərdə iki dövlət qurumunun - Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Satınalmalar üzrə Dövlət Agentliyinin rəhbərliyində dəyişiklik həyata keçiriləcək. Məlumatı verən mənbə iddia edir ki, həmin postlara yeni kadrların gətirilməsi planlaşdırılır.