Bərdədə hakimiyyət dəyişikliyi baş verəcək - YAXIN GÜNLƏRDƏ
Tarix: 21-01-2014, 15:27 |
Çap et
DİA.AZ: - Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bir ara mətbuatın əsas hədəflərindən biri idi. Əslində onu mediatik edən barəsində şikayətlərin artması olsa da, həm də düşdüyü çətin vəziyyət də Vidadi İsayevi qəzet səhifələrinin «qəhrəmanına» çevirmişdi.
Lakin sonradan situasiya dəyişdi. «Kəfəni yırtmış kimi» davranan Vidadi İsayev artıq Dubaydakı mülkündən, xaricə daşıdığı pullarından yazan medianı nəzərə belə almadı ki, bunun da əlahiddə səbəbləri olmamış deyildi. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, Bərdə RİH rəhbərini bu qədər arxayın salan mətbu himayədarlarının mövqelərinin güclənməsi ilə yanaşı, həm də təhlükənin sovuşması faktı idi: «Artıq Vidadi İsayev özünü güvəndə hiss edir».
Mənbə isə bildirir ki, Bərdənin başçısı tələsib: «Bu gün Bərdədə kimin sözünün keçərli olduğunu hər kəs yaxşı bilir. Və o da məlumdur ki, artıq Vidadi İsayev həmin dairələrin hədəfindədir. Bu barədə onun özünə də məlumat verilib. Amma nədənsə bəziləri Vidadi İsayevi arxayın salır. Və onu əmin edirlər ki, Bərdədən alınacağı təqdirdə başqa bir rayona göndəriləcək. Yəni artıq bununla da kuratorluq problemi həll olunacaq. Lakin vəziyyət Vidadi İsayevin təsəvvür etdiyi kimi deyil».
Mənbənin sözlərinə görə, Bərdənin icra başçısı müəyyən dairələrdə elə bir qıcıq yaradıb ki, onun növbəti dəfə hansısa vəzifəyə gətirilməsi imkansızdır: «Odur ki, icra başçıları ilə bağlı növbəti ələmə dönəmində Vidadi İsayevin aqibəti birdəfəlik həll olunacaq».