Əsas Səhifə > Cəmiyyət, Manşet > “Femina” xəz dəri qalereyası müştəriləri necə aldadır?

“Femina” xəz dəri qalereyası müştəriləri necə aldadır?


18-01-2014, 16:29
“Femina” xəz dəri qalereyası müştəriləri necə aldadır?
Xəz-dəri məmulatlarına tələbat hər zaman böyük olub. İstər dünyada, istərsə də ölkəmizdə bu məhsullar hər zaman dəyişməz geyim brendləri hesab olunub. Qiymətlərinin baha olmasına baxmayaraq, bu xəz-dəri məhsulları heç zaman alıcı sarıdan korluq çəkməyib. Bu isə istənilən halda işbazların sözügedən sahəyə meylini artırıb və bu bir sıra hallarda xoşagəlməz faktların ortaya çıxmasıyla nəticələnib.

Belə ki, kifayət qədər gəlirli biznes sahəsi olduğundan xəz-dəri ticarətinə hər zaman axın olub. Elə bu gün də sözügedən problem kifayət qədər aktualdır. Hər halda şikayətçilərin “Unikal”a ünvanladığı müraciətlərin çoxluğu belə düşünməyə əsas verir. Mövzunun aktuallığını nəzərə alaraq, saxta xəz dəri biznesinin gizlinlərinə işıq salmaq məzqsədilə kiçik araşdırma apardıq. Araşdırmalarımız zamanı bəlli oldu ki, bu gün Azərbaycana Çindən xəz-dəri məmulatları gətirən və onu yunan malı kimi çox baha qiymətə alıcılara təqdim edən şəbəkə mövcuddur. Bu qalmaqalda adı hallandırılan müəssisələrdən biri isə “Femina” xəz-dəri qalereyasıdır.
Belə ki, Yunanıstan istehsalı kimi təqdim edilən “Femina” xəz-dəri geyimləri, əslində, Çin istehsalı imiş. İstehlakçıların aldadılmasından isə “Femina” son 4-5 ayda milyonlarla gəlir əldə edib.
Saxta və keyfiyyətsiz xəzlər satan “Femina” xəz-dəri qalereyası ictimaiyyətə geniş şəkildə reklam edildiyindən, buranın müştərilərinin sayının əvvəllər çox olduğu bildirilir. Amma artıq müştərilərin aldıqlarının əslində Çin malı olmasına əminliyindən sonra mağazanın satışında da ciddi axsamaların müşahidə olunduğu bildirilir.
Məsələ bundadır ki, artıq xeyli zamandır müəyyən texnologiyalara yiyələnmiş Çin istehsalçıları tərəfindən beynəlxalq bazarlara çıxarılan məhsulları görkəminə görə yüksək keyfiyyətli Avropa mallarından ayırmaq heç də asan deyildir. Hətta xüsusi analizlər həyata keçirilmədən bəzi mütəxəssislər belə saxta malı orijinaldan ayırmaqda çətinlik çəkirlər. "Femina " xəz-dəri mağazası tərəfindən həyata keçirilən bu möhtəşəm “əməliyyat”ın əsas sığortaçısı isə Azərbaycanın iqlim şəraiti olmuşdur. Belə ki, uzun illərdən bəri, Qərbi Avropa ölkələri və Rusiya ilə müqayisədə, ölkəmizdə qışın kifayət qədər mülayim keçməsi Çin istehsalı olan xəz-dəri məmulatlarının da öz keyfiyyətlərini nisbətən qorumasına səbəb olurdu. Lakin havaların nisbətən şaxtalı keçdiyi bir neçə gün Azərbaycan istehlakçısına Avropa brendləri kimi təqdim olunan kürklər və gödəkçələr üçün də əsl imtahana çevrildi. Təəssüflər olsun ki, məhz "Femina " xəz-dəri mağazasından alınmış əksər məmulatlar tez bir zamanda öz sahiblərini məyus etmiş oldu. Geyim olaraq, əsas funksiyası kimi soyuqdan qorunmağa xidmət edə bilmədiklərilə yanaşı, bu məmulatlar, həm də ilkin gözəl görkəmlərini tez bir zamanda itirmiş oldular. Bu dəfə, necə deyərlər, sərt Bakı küləyi özü imtahançı qismində çıxış etdi.
Bununla bağlı redaksiyamıza müraciət edən şikayətçilər iddia edir ki, yeni alınmış mallar, ən azından, 4-5 qış mövsümündən çıxmış kimi görünməklə, istehlakçıların bütün etibarını itirib.
Nəzərə alsaq ki, bu məmulatların satış qiymətləri, bəzi məlumatlara görə, min manatlarla ölçülür, o zaman "Femina " sahiblərinin yol verdiyi maxinasiyaların miqyasını, təxmini də olsa, təsəvvür etmək olar.
Araşdırmalarımız zamanı o da məlum oldu ki, “Femina” xəz-dəri qalereyasının 10-15 min AZN-ə müştərilərə təqdim etdiyi geyimlər, əslində, Çindən 3-5 min dollara alınaraq ölkəyə gətirilib.
Redaksiyamıza verilən məlumatda isə bildirilir ki, “Femina” xəz-dəri qalereyasının rəhbərliyi yüksəkçinli məmurların adından istifadə edərək, özləri haqda onları guya böyük güclərin himayə etməsi görüntüsünü yaratmağa çalışırlar. Biz mövzu ilə bağlı növbəti yazımızda həmin məmurların adlarını və doğurdan da onların “Femina” xəz-dəri qalereyası ilə əlaqəli olub-olmadıqlarını araşdıracağıq.
Araşdırılmalı olan digər bir məqam isə Çindən gətirilən saxta malların brend adı altında Azərbaycan bazarlarına necə yol tapması, Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Agentliyinin buna ögey münasibəti, həmçinin Vergilər Nazirliyinin əməkdaşının “Femina”ya müsbət münasibətinin olmasıdır. Hacı olduqları iddia edilən şəxslərin bu maxinasiyadan konkret olaraq nə qədər qazanc götürməsi də araşdırılmalarımızın tərkib hissəsi olacaq. Növbəti saylarımızda bu və ya digər suallarla bağlı ekspert rəyləri ilə də tanış ola biləcəksiniz.

Geri qayıt