Türkiyəli nazirin Bakı səfərinin ilginc pərdəarxası - Əfqan Ala Bakıda kimlərin istefasını istədi? - Qardaş problemi…
Tarix: 27-05-2014, 12:17 |
Çap et
DİA.AZ: - Dünən Bakıda Türkiyədən mühüm bir qonaq var idi. Hər halda, qardaş ölkənin daxili işlər naziri Əfqan Alanın Azərbaycan səfərini sıradan bir olay kimi qarşılamaq doğru olmazdı. Xüsusən də son aylarda həm Türkiyədə və həm də Azərbaycanda Fətullaht Gülən camaatı ilə bağlı bəzi olayların gəlişdiyi bir ərəfədə.
Bununla bağlı DİA.AZ-a hökumət daxilindən maraqlı məlumat daxil olub. Bilgili mənbənin verdiyi xəbərə görə, Türkiyənin DİN başçısı Azərbaycana əliboş gəlməyibmiş. Mənbənin söylədikləri: «Əfqan Alanın Bakı səfərini Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəlki səfərinin davamı kimi də dəyərləndirmək olar».
Mənbə iddia edir ki, Türkiyənin daxili işlər naziri rəsmi Bakının diqqətinə Ərdoğanın xahişlərini də çatdırıb: «Yenə də mövzu nurçu məmur mövzusudur. Ərdoğan birbaşa olaraq Fətullah Gülənə yaxın olan daha iki məmurumuzun görəvdən alınmasını xahiş edib və belə hesab edir ki, bununla da nurçulara böyük zərbə vurulmuş olacaq».
Mənbənin bildirdiyinə görə, Əfqan Ala eyni zamanda Azərbaycan ərazisində nurçulara aid olan gəlir yerlərinin də siyahısını rəsmi Bakıya təqdim edib və ümid edib ki, Azərbaycan tərəfi Fətullah Gülənin qazanc yerlərini də hədəfə alacaq.
Qeyd edək ki, rəsmi məlumatlarda Əfqan Alanın Bakı səfərinin Azərbaycanın daxili işlər nazirinin dəvəti ilə baş tutduğu bildirilib.