GUYA Kİ, DAVAMİYYƏT YUXARI İMİŞ...
Tarix: 20-10-2011, 14:10 |
Çap et
MƏRDANOV MƏKTƏBLƏRDƏ REYDLƏRƏ BAŞLADI
Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə paytaxtdakı ümumtəhsil məktəblərdə dərsə davamiyyətlə bağlı reydlərə başlayıb.
APA-nın məlumatına görə, ilk reydlər Bakının Nərimanov rayonundakı 177, 47 və 258 nömrəli orta məktəblərdə keçirilib. Jurnalistlərin iştirakı ilə hər üç məktəbin müxtəlif siniflərində keçirilən monitorinq zamanı məlum olub ki, məktəblərdə davamiyyət 95 faizdən yuxarıdır.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib ki, reydlər təhsil naziri Misir Mərdanovun tapşırığına uyğun olaraq keçirilir və ilin sonunadək davam etdiriləcək: “Reydlər həftədə bir dəfə və hər dəfə Bakının bir rayonunda keçiriləcək. Reydlər keçirən zaman müəssisə rəhbərlərinə əvvəlcədən heç bir xəbərdarlıq edilmir. Bütün monitorinqlər jurnalistlərin iştirakı ilə keçiriləcək. Reyd üçün məktəblər media mənsublarının istəklərinə uyğun olaraq seçiləcək”.
B. Hüseynzadənin sözlərinə görə, reydlər məktəblərdə davamiyyətin və nizam-intizamın daha da gücləndirilməsinə səbəb olacaq.