AMERİKA AZƏRBAYCANA SƏFİR YOLLAYIR
Tarix: 5-06-2012, 12:38 |
Çap et
GƏLƏN HƏFTƏ MÜZAKİRƏLƏR BAŞLAYACAQ
İyunun 13-də ABŞ Senatının Xarici İşlər Komitəsində Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi üzrə dinləmələr keçiriləcək.
Senatdakı mənbə Turan-ın Vaşinqton müxbirinə bildirib ki, dinləmələr senator Şaenin sədrliyi ilə keçiriləcək. Dinləmələr zamanı həmçinin digər iki səfirin – Timoti Broas (Niderlandda səfir) və Nikolas Ananiyanın (Surinamda səfir) namizədliyinə baxılacaq.
Əgər Komitə nominasiyasını təsdiqləyərsə, səfirlərin namizədliyi Senatın müzakirəsinə çıxarılacaq.
“Hələlik Komitədə heç kim Morninqstarın namizədliyinin əleyhinə deyil”, - Senatdakı məlumatlı mənbə bildirib.
Eyni zamanda Kaliforniyadakı erməni diasporunun liderlərindən biri Turan-ın müxbirinə deyib ki, “ABŞ-ın erməni icmasının rəyi Riçard Morninqstarın senatorların suallarına cavabından asılı olacaq”.
Xatırladaq ki, bir neçə həftə öncə prezident Barak Obama ABŞ-ın Avrasiya regionunda enerji məsələləri üzrə xüsusi nümayəndəsi Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini irəli sürüb. Yanvarda Senatdakı erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını əngəlləyəndən sonra bu post vakant olaraq qalır.