HACI MƏMMƏDOVUN KAMERASINA TELEVİZOR QOYULUB
Tarix: 13-10-2011, 15:49 |
Çap et
O, ARTIQ RƏSM ÇƏKMİR, MUNCUQLARDAN MÜXTƏLİF FİQURLAR DÜZƏLDİR
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və digər hüquq müdafiəçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər.
Elçin Behbudovun APA-ya verdiyi xəbərə görə, istintaq təcridxanasında saxlanılan iki İran vətəndaşı ilə görüşüblər: “Onlar narkotik vasitələrin alveri və qaçaqmalçılıqda təqsirləndirilirlər. Hər biri vəkillə təmin olunub. Hal-hazırda istintaq gedir. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı”.
Komitə sədri MTN-də olarkən orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da maraqlandığını deyib: “Hacı Məmmədov, eləcə də saxlanılan digər şəxslər qanunvericiliyə uyğun olaraq hər həftə evdən gətirilən beş kiloqram azuqə ilə təmin olunurlar. Onlara hər həftə ailə üzvləri ilə telefon əlaqəsi yaratmağa şərait yaradılır. Hacı Məmmədovun kamerasında televizor da qoyulub. O, günün müxtəlif vaxtlarında televiziyanı izləyə bilir. ”.
Elçin Behbudov Hacı Məmmədovun muncuqlardan fiqurlar düzəltdiyini də qeyd edib: “O, artıq rəsm çəkmir. İndi muncuqlardan müxtəlif fiqurlar düzəldir”.