Əsas Səhifə > Partiya, Güney Press > “Bölgənin problemlərini yaxşı bilirəm”
“Bölgənin problemlərini yaxşı bilirəm”6-01-2020, 10:05 |
79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev seçki platforması açıqlayıb. Razi Nurullayev hesab edir ki, Azərbaycan xalqının, deputatı olmaq istədiyi bölgənin problemlərini dəqiqliklə bilir: “İstər dövlət vəzifəlisi, istər məmur, istər də deputat olsun, heç olmasa ildə bir dəfə xalqın yaşadığı kimi yaşamırsa o xalqı necə başa düşə, hiss edə bilər? İmişlidə yaşayışım gözüm önündən bir gün də çəkilmir, hər kəsə də həvəslə danışıram. İmişlidə doğulub böyümüşəm. İmişlidə yaşamışam, yayda çöl-bayırda ayaqyalın gəzmişik, qışda isə donmamaq üçün bir otağa sığınmışıq. Çünki, soba ancaq bir otaqda yanıb. Qalan otaqlar isə Sibir kimi soyuq olub. Evin başqa otaqlarından, zallarından istifadə edə bilməmişik. Elə bu cür yaşadığıma görə sadə xalqın problemlərini yorulmadan həm televiziya ekranlarında, qəzet səhifələrində, internet televiziyalarda və sosial şəbəkələrdə danışmışam. Biz siyasətçiyik, danışmağı yaxşı bacarırıq. Xalqın da vəkili danışmalıdır, xalqın problemlərini deməlidir, usanmadan onun problemlərini gündəmə gətirib həllinə nail olmalıdır”. “Kredit borcları və qaz limiti xalqın xeyrinə həll edildi” Razi Nurullayev bildirib ki, əhalinin banklara olan kredit borclarının bağlanması, problemli kreditlərin həlli ilə bağlı məsələsni qaldırıb və bu məsələ həllini tapıb: “Mən yorulmadan kredit borclarının bağışlanması və ya həlli üçün gecə-gündüz danışdım, mübarizə apardım və bu məsələni gündəmdən düşməyə qoymadıq. 2018-ci ilin Prezident seçkilərində Prezidentliyə namizəd kimi ən böyük vurğunu xalqın sosial problemlərinə yönəltdim. Cənab Prezident xalqın səsini eşitdi və kredit borclarını həll etdi. Biz gecə-gündüz təbii yanar qazın limitinin götürülməsi üçün mübarizə apardıq, həftədə 3-4 dəfə bu məsələ ilə bağlı yazdıq, dedik, danışdıq və məsələni kampaniyaya çevirdik. Xalq da dəstək verdi. Limitin xalqa bəs etməsi ilə bağlı mif, yalan üzə çıxdı və Prezident qaz limitini xalqın xeyrinə həll etdi. Amma, yenə də bu məsələnin tam olaraq xalqın xeyrinə həll olunmasına ehtiyac var”. “İnsanlara sosial biznes krediti verilməlidir” AXCP sədri deyib ki, insanları yardıma alışdırmaqdansa, iş qurmağı, pul qazanmağı öyrətmək, bu işi stimullaşdırmaq lazımdır: “Yorulmadan deyirdim ki, kasıb əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün onlara sosial biznes krediti verilməlidir və həm də onlara verilən kreditdən sərfəli istifadə edərək pul qazanmağı öyrətmək lazımdır. İndi bu məsələ hökumət tərəfindən yerinə yetirilməkdədir, amma bu məsələnin əsaslı şəkildə təkmilləşdirilməsinə ehtiyac var. Çünki, heç də verilən yardımlar insanların ehtiyaclarını həll edə bilmir”. Sosial mənzillər məsələsi AXCP sədri bu məsələdə Avropa nümunəsinin tətbiqini məqbul hesab edir: “Mən sosial evlərlə bağlı Fransa təcrübəsinin tətbiqini təklif etmişdim. Prezidentin bu məsələ ilə bağlı iradəsi var. Sosial evlər tikilir, amma insanların ehtiyacını ödəmək üçün bu məsələyə kökündən yanaşmaq və yaxın 10 il ərzində hər bir vətəndaşın evlə təmin olunmasına nail olmaq zərurətdir və bunu deməliyik, danışmalıyıq”. “Uşaq pulu bərpa olunmalıdır” R.Nurullayev ailələrə uşaq pulunun, hər doğulan uşağa birdəfəlik yardımın verilməsi ilə bağlı məsələnin gündəmdə olduğunu, bununla bağlı tələblərində israrlı olacağını deyib: “Bununla bağlı dayanmadan danışmışıq, mübarizə aparmışıq və aparacağıq. Bu məsələ bu və ya digər şəkildə xalqın xeyrinə həll olunmalıdır. Yeni doğulan uşaq sağlam böyümürsə, onun valideynləri övladını zülm içində böyüdürsə vətəni kim qoruyacaq, bu ölkənin gələcəyini kim təmin edəcək?” “Sadə xalqı anlamaq üçün...” AXCP sədri hesab edir ki, xalqın problemlərini dəqiq bilmək üçün sadə yaşam tərzi keçirmək lazımdır: “Biz necə olmalıyıq! Problemləri necə həll etməliyik? Ən azı ildə bir neçə dəfə xalqın yaşadığı kimi yaşayıb, onun kimi hisslər keçirmək. Bu birmənalıdır. Vəzifəli şəxs, məmur, deputat ayağına rezin çəkmə geyinib, ya bir “potu” geyinib su sulamırsa xalqı başa düşə bilərmi? O, şor yemirsə xalqı başa düşə bilərmi? O çöldə ocaq qalayıb yemək bişirmirsə, o ocağın tüstüsü ona hopmursa xalqı başa düşə bilərmi? O, kanallardan, arxlardan gələn bulanıq suyu duruldub ondan çay dəmləyib içmirsə xalqı başa düşə bilərmi? O, təzək yandırıb onun istisinə qızınmırsa xalqı başa düşə bilərmi? Palçıqlı və ya tozlu yolda gedərək ayaqqabısını batırmırsa xalqı başa düşə bilərmi?” “Məmurlar xalqın içinə getməlidir” AXCP sədri hesab edir ki, məmurlar xalqın dərdini anlamaq üçün vaxtaşırı onların arasında yaşamalıdır: “Bu yaxında Çin dövlətini araşdırdım və gördüm ki, Çində məmurları, vəzifəli şəxsləri xalqın içinə göndərirlər və o xalqla bir yerdə yaşayır, xalqın yediyindən yeyir, geydiyindən geyir, xalqın getdiyi yolla gedir, onun içdiyindən içir və o xalqı başa düşməyə başlayır. Bu eksperimentdən sonra bir neçə il ərzində Çində pis yol qalmayıb. Kəndlər çox effektiv şəkildə surətlə inkişaf etməyə başlayıb və Azərbaycanda da bunu tətbiq etmək lazımdır. Deputatı da, vəzifəli şəxsi də, naziri də, komitə sədri də gedib heç olmasa bir həftə, on gün, ildə bir neçə dəfə xalqla yaşamalı, xalqın çətinliyini görməlidir. Bundan sonra, o xalqı başa düşə bilər. İsti yerdə oturan, isti maşında gəzən, gözəl yeyib, gözəl içən, gözəl geyinən təbii ki, xalqı başa düşə bilməz. Mən xalqın yanında olmanın tərəfdarıyam! Vətəndaşların sözünü demək, sadə insanların dilində danışmaq, fəhlə-kəndli sinfini müdafiə etmək bizim işimizdir!” Cebhe.info Geri qayıt |