Əsas Səhifə > Partiya, Güney Press > Kim bələdiyyə seçkilərində iştirak edəcək?
Kim bələdiyyə seçkilərində iştirak edəcək?2-10-2019, 08:50 |
Yeni Azərbaycan Partiyası 2019-cu ilin 27 dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərini sürətləndirib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Müxalifət partiyalarında bələdiyyə seçkilərində iştirak edib-etməmək barədə qərarlar verilibmi? Bələdiyyə seçkilərinin yerlərdə əhali ilə sıx təmas qurmaq baxımından vacib seçki olduğunu siyasi partiyalar nəzərə alırlarmı? Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirib ki, ötən həftə Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, dekabrda keçiriləcək bələdiyyə seçkiləri müzakirə olunub. Fuad Əliyev bildirib ki, Azərbaycanda bələdiyyələrin yaranmasından 20 il keçir. 1999-ci ildə keçirilən birinci seçkilərdə ALDP-nin 600 üzvü seçilmişdi. İkinci bələdiyyə seçkilərində 130 üzvü seçilib, 2009-cu ildə keçirilən üçüncü seçkilərdə isə ümumiyyətlə, bir nəfər belə seçilməyib: “Bunun bir səbəbi olub - partiya mənsubiyyətinin göstərilməsi. Hesab edirəm ki, seçki islahatları keçirilməyənə qədər seçkilərdə iştirak etmək mənasızdır. Odur ki, Sədr Aparatının üzvləri müzakirələrdən sonra ALDP-nin bələdiyyə seçkilərində iştirakının məqsədəuyğun olmadığı qənaətinə gəldilər. Ancaq partiyanın üzvlərinə bələdiyyə seçkilərində fərdi qaydada iştiraka məhdudiyyət qoyulmayıb”. AMİP katibi Əli Orucov isə bildirdi ki, bələdiyyə seçkilərinə az vaxt qalmasına baxmayaraq bu istiqamətdə fəaliyyətini quranlar və düşünənlər azdır. Hiss olunmur ki, bir neçə aydan sonra ölkədə vacib seçkili institutlardan biri olan bələdiyyələrə seçkilər keçiriləcək. Partiyaların özləri də qarşıdan gələn seçkilərə həvəslə yanaşmırlar: “Bunun da səbəblərini dəfələrlə demişik, çıxış yolları barədə təkliflərimizi vermişik. Bütün bu passiv mühitə baxmayaraq hesab edirəm ki, seçkilərdə iştirak vacibdir və başlıca vəzifələrimizdən ən ümdəsi cəmiyyəti də bu ruhda kökləməkdir. Məlumdur ki, Azərbaycanda həm bələdiyyələrə, həm də seçkilərə inam demək olar ki, qalmayıb. Lakin biz oturub iqtidarı gözləməli deyilik ki, insafa gəlib az-çox demokratik seçki mühiti yaradacaq. Bu mühitin yaradılmasına biz daha çox maraqlıyıqsa çox da səy göstərməli və çalışmalıyıq. Mövcud ortam iqtidara sərf edir, müxalifətə yox. Ona görə də ortamı müsbətə doğru biz dəyişməliyik. AMİP bələdiyyə seçkilərinə qeyri-rəsmi çoxdan start verib. Bölgə təşkilatlarımızla görüşlərimiz olur. Şəxsən mən Göyçay, Ucar, Gəncə, Ağstafa, Samux, AMİ-çiləri ilə görüşüb bələdiyyə seçkilərini müzakirə etmişik. Doğrusu, nikbinlik üçün xeyli iş görmək lazımdır. İnsanları inandırmaq, seçkiyə həvəsləndirmək asan olmayacaq, ancaq bələdiyyə üzvü iddiasını ortaya qoyacaq üzvlərimiz də var. Bələdiyyə seçkilərinə demokratik cəmiyyətlərdə daha çox önəm verilir. Çünki bu seçkilər həm yerli özünü idarə orqanı kimi əhali ilə sıx təmaslar qurmaq, yerli hökumət funksiyasını yerinə yetirmək baxımından, həm də parlament və prezident seçkilərinə tramplin və sınaq baxımdan vacib sayılır”. Ə.Orucov qeyd etdi ki, oktyabrın 6-na partiyanın Mərkəzi Şurasının iclası çağırılıb. Həmin iclasın gündəliyində müzakirəyə çıxarılacaq məsələlərdən biri də bələdiyyə seçkiləri ilə bağlıdır: “Mənə elə gəlir ki, bu hərtərəfli müzakirələrdən sonra Mərkəzi Şura bələdiyyə seçkiləri barədə olumlu qərar verəcək". KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, bələdiyyə orqanları sırf yerlərdə əhali ilə sıx təmasda olmaq kimi imkanlar açır. Lakin bu imkanları həqiqi, xalq tərəfindən seçilmiş bələdiyyələr yaradır: “Bizdə bələdiyyələr rayon İcra hakimiyyətlərinin bir şöbəsinə çevrildiyindən fəaliyyətsiz təsisat qismindədir. Ustəgəl, dairə, məntəqə seçki komissiyaları YAP üzvlərindən, hakimiyyətin nümayəndələrindən ibarətdir. Xalqın səsini qazanan namizədlərin qələbəsini tanımırlar. Mən özüm üç dəfə Nərimanov rayonundan bələdiyyəyə namizəd kimi bu halları yaşamışam. Təcrübədən bilirəm ki, seçki komissiyalarında dəyişiklik olmasa icra hakimiyyətlərinin diktəsi ilə keçiriləcək seçkilərdə formalaşan bələdiyyələrin heç bir mənası olmayacaq. Ona görə də siyasi partiya üzvləri artıq belə vəziyyətdə seçkidə iştirak etmək istəmirlər. Bələdiyyə seçkilərində iştirak mənasız yerə vəsaitlərin və vaxtın xərclənməsindən başqa bir şey deyil. KXCP-də bu seçkilərdə iştirak edib-etməmək məsələsi hələ rəsmi müzakirə olunmayıb”. AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə bildirdi ki, bələdiyyə seçkilərində AĞ Partiya olaraq iştirak etməyəcəklər: “Amma paytaxt və rayonlarda partiyanın bəzi üzvləri fərdi qaydada iştirak edəcəklər. Bildiyiniz kimi bələdiyyə seçkiləri Azərbaycanda formal hal alıb, ona görə siyasi qüvvələr bu seçkilərə ciddi yanaşmırlar. Üstəlik, bələdiyyə seçkilərinə hazırlıq prosesi prezident və parlament seçkilərindən daha da çətinləşdirilib. Yəni əziyyətə dəyməz. Əhali ilə sıx təmasa gəldikdə isə seçki kampaniyası o qədər qısaldılıb ki, əhali ilə sıx təmas maksimum məhdudlaşdırılıb və səlahiyyəti olmayan orqana əhalinin marağı qalmayıb”. “Yeni Müsavat” Geri qayıt |